“Oyun gözlədiyimdən daha yaxşı başladı. İlk hissəni böyük üstünlüklə keçirdik, nəzarət bizdə idi. Təəssüf ki, iki dəfə əks-hücumda yaxalanaraq qollar buraxsaq da, ikinci hissədə vəziyyəti dəyişməyə çalışdıq”.
"Football-plus.az" xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXV turunda “Qəbələ”yə 0:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
Rəşad Sadıqov rəqibin intizamlı müdafiəsini yara bilmədiklərini vurğulayıb:
"Heç də həmişə nəticə oyuna görə olmur. Ağır olacağını, matça “Qəbələ”nin nəzarət edəcəyini gözləyirdim. Çünki “Neftçi”yə qarşı 120 dəqiqə çox güc sərf etmişdik. Amma əksi oldu. Bu gün məndə inam var idi ki, ikinci hissədə oyunu çevirə bilərik. Amma uşaqlarda inamsızlıq yarandı. Bəzən meydanda hər şeyi düz etməyinə baxmayaraq, hesabda geridə olmağın futbolçulara psixoloji cəhətdən mənfi təsir edir. Düşünürəm ki, “Qəbələ” layiqli qələbə qazandı. Bu oyunun nəticəsindən sonra avrokuboklara vəsiqə verən iki yer uğrunda 3 komanda arasında amansız, qırğın mübarizə gedəcək. Oyundan narazı qala bilmərəm. “Qəbələ” kimi rəqibə qarşı ilk yarıda dominant idik. Sadəcə, müəyyən bəsit mübarizələrdə uduzduq. 1:2 hesabı ilə uduzduğumuz matçın ssenarisinə bənzəyirdi”.
"Uşaqlarda inamsızlıq yarandı" - Rəşad Sadıqov
Premyer-liqa


