Konfrans Liqasının yarımfinal mərhələsinin matçlarında VAR texnologiyası tətbiq ediləcək.
Bu məlumatı “Footbal Italia” qəzeti yayıb.Texniki problemlər və əsasən kiçik klubların iştirak etdiyi yarışlarda VAR-ın ardıcıl şəkildə tətbiqinin çətinliyi səbəbindən turnirdə hakimə videoköməkçi sistemindən indiyədək istifadə olunmayıb. Əvvəlcə VAR-ın yalnız Konfrans Liqasının 2022-ci il mayın 25-də Tirandakı (Albaniya) “Arena Kombyotare” stadionunda keçiriləcək final oyununda işləyəcəyi planlaşdırılırdı. Lakin “Footbal Italia” UEFA-nın bu texnologiyanı artıq yarımfinalda tətbiq etməyə hazır olduğunu iddia edir.
Xatırladaq ki, turnirin yarımfinalında “Roma” “Lester” ilə, “Marsel” isə “Feyenoord”la qarşılaşacaq. Bu mərhələnin ilk oyunları aprelin 28-də, cavab görüşləri mayın 5-də keçiriləcək.