“De Byazi özü üçün Millətlər Liqasında çıxış edəcək komandanın “onurğa sütünu”nu müəyyənləşdirib” - ÖZƏL AÇIQLAMA

3.04.2022 12:19 712
Ölkə futbolu / Manşet
Yığmanın Maltada keçirdiyi hər iki görüşdə məğlub olmasını ictimaiyyət böyük qınaqla qarşıladı. Həm Maltaya, həm də Latviyaya yenilən komandanın baş məşqçisinin, futbolçuların ünvanına heç də xoş olmayan sözlər səsləndi. Malta toplanışından sonra futbol camiəsində yığma ilə bağlı fomalaşan fikirlərdən belə qənaətə gəlmək olar ki, artıq heç kim iyunda start götürəcək Millətlər Liqasında ölkənin əsas komandasından uğur gözləmir. Halbuki Canni de Byazi ilə müqavilənin müddəti uzadılanda AFFA rəhərliyi italiyalı mütəxəssisin qarşısına bu turnirdə uğurlu çıxış edəcək komanda yaratmağı məqsəd qoyub. Hədəf isə qrupdan çıxmaqdı. Ancaq bu gün üçün görünən odu ki, De Byazi nə komanda formalaşdırıb, nə də bu gedişlə qrupdan çıxacağıq. Vəziyyət o qədərəcədə ağırdı ki, daim ehtiyatlı açıqlamaları ilə seçilən AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov belə qəzetimizin ötən sayına müsahibəsində italyan mütəxəssisin “bostanına daş atmışdı”. Sadıqov De Byazini geridə qalan müddətdə bəlli bir sistem formalaşdıra bilməməkdə ittiham etmişdi.

Malta toplanışı, son iki yoldaşlıq görüşündə komandanın sərgilədiyi bərbad oyun ilə bağlı De Byazinin köməkçisi Arif Əsədovun da fikirlərini öyrənməyi lazım bildik:

“Son iki yoxlama görüşündə baş məşqçi uzun müddət yığmadan kənarda qalan təcrübəli oyunçulara da dəvət göndərmişdi. Xeyli vaxt idi yoldaşlıq oyunları keçirmirdik. Son matçlar rəsmi xarakter daşıdığından istədiyimiz futbolçuları sınaya bilmirdik. Yoldaşlıq görüşləri həm taktiki, həm də oyunçuları iş başında görmək baxımından vacibdi. Bu qarşılaşmalarda hər nə qədər “nəticə önəmli deyil” söyləsək də, istənilən komanda meydana çıxanda qələbə barədə düşünür. Biz də qələbəyə köklənmişdik. Təbii ki, istədiyimiz alınmadı, hər iki matçdan məğlub ayrıldıq. Baş məşqçi Malta ilə qarşılaşmada yeni taktiki sxemdə futbolçuları yoxladığından yenilik oyuna təsir göstərdi. İkinci görüşdə isə komanda yaxşı oyun nümayiş etdirdi. Fikrimcə, görüşün nəticəsinə azlıqda qalmağımız təsir etdi. Rəqib 60 dəqiqə say üstünlüyünə sahib olsa da, oyun üstünlüyü bizim tərəfimizdə idi. Hətta fərqlənmək üçün imkanlarımız olsa da, yararlana bilmədik.
Heç şübhəsiz, uğursuzluğa görə biz də təəssüflənirik. Hər iki qarşılaşmadan sonra baş məşqçi də futbolçularla söhbətdə bu məqamı qeyd etdi. Latviya ilə matçda yenilsək də, oyun planında irəliləyiş hiss olunurdu. Malta toplanışı Millətlər Liqası ərəfəsində baş məşqçiyə Azərbaycandan kənarda çıxış edən oyunçuları görmək baxımından yaxşı oldu. İndi demək olar ki, diqqətdən kənarda qalan bir futbolçu da yoxdu. Artıq De Byazi özü üçün Millətlər Liqasında çıxış edən komandanın “onurğa sütünu”nu müəyyənləşdirib”.


Yuxarıda qeyd etdiyimiz kimi, son iki yoxlama matçında qeydə alınan nəticələrdən sonra cəmiyyətdə yığmaya inam yox səviyyəsinə düşüb. Artıq heç kimi bu komandanın italiyalı baş məşqçinin rəhbərliyi altında Millətlər Liqasında uğur qazanacağına inanmır. Ancaq Arif bəy bizimlə söhbətdə nikbin fikirlər səsləndirdi:

“Slovakiyanı çıxmaq şərtilə qrupda yer alan digər komandalar, demək olar, eyni səviyyədədi. Artıq strateji planı düşünmək və qrup oyunlarında azarkeşləri sevindirəcək nəticə qazanmaq lazımdı”.


RƏŞAD