Milli komanda ilə birgə Maltaya bu rəsmilər səfər edəcəklər - RƏSMİ AÇIQLAMA

23.03.2022 12:09 880
Aktual / Manşet
Azərbaycan milli komandası Millətlər Liqasının hazırlığına start verir.

Canni de Byazinin komandası 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. Martın 25-də Malta, 29-da isə Latviyanı sınağa çəkəcəyik. İtaliyalı mütəxəssis bu görüşlərdə qələbə qazanmaq üçün xüsusi heyət yığdığını bildirir. Qısa müddət olsa da, toplanışın səmərəli keçməsini istəyir. Maraq üçün qeyd edək ki, hər iki görüş Maltada baş tutacaq. Milli bu ölkəyə nə vaxt yollanacaq, orda harda məskunlaşacaq? Rəsmi şəxslərdən kimlər Maltaya səfər edəcək? Bu suallara cavab tapmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Qurum rəsmisi federasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədovun Maltaya getməyəcəyini söylədi:

“Komanda bu gün, saat 15.00-da yola düşəcək. Axşam saatlarında orda olacaq. Maltada “Marriott St. Julien’s” otelində məskunlaşacaq. Ənənəvi olaraq AFFA rəsmiləri, İcraiyyə Komitəsindən İsgəndər Cavadovla Vaqif Sadıqov komanda ilə birgə olacaq. Budəfəki səfərdə icraçı vitse-prezident Elxan Məmmədov olmayacaq. Lakin yeni baş katib Sərxan Hacıyev Maltada nümayəndə heyətinə başçılıq edəcək”.


İLKİN SULTANLI