PFL-in premyer-liqa klublarına şərti var

17.03.2022 21:26 815
Ölkə futbolu / Manşet
Premyer-liqanın 19-cu turu çərçivəsində keçirilən “Qəbələ” – “Zirə” matçında başverənlərdən xəbərdarsız.

Bazar günü başlayan qarşılaşma 65-ci dəqiqədə güclü qar səbəbindən dayandırıldı və görüşün qalan bölümü ertəsi gün oynanıldı. Hamının narazılığına səbəb olan məqam belə matçlar üçün nəzərdə tutulan qırmızı topdan istifadə olunmaması idi. Təbii ki, qarlı havada topun daha aydın görünməsi üçün bu üsuldan yararlanmaq lazım idi. Amma klubda qırmızı top olmadığına görə qarşılaşmada bu problemlər yaşandı.

Bir müddət əvvəl elita klublarını PFL ödənişli olsa da, topla təmin edirdi. Daha sonra AFFA klubları havayı toplarla təmin etməyə başladı. Görəsən, son hadisəyə PFL-in münasibəti necədi? Qurum qırmızı toplarla klubları təmin edə bilərlərmi? Suallarımızı PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevə ünvanladıq:

"Qeyd etdiyiniz kimi, əvvəllər PFL Əsasnamədə qeyd olunan topları gətirirdi və klublar onu müəyyən sayla ödəniş etməklə alırdılar. Məqsəd o idi ki, klublar top almaq üçün daha çox xərcə düşməsin. Çünki daha çox top alanda bir növ ucuz başa gəlirdi. Sonradan AFFA-nın müəyyən tədbirləri oldu, müqavilələr bağlandı və klublar topla pulsuz təmin olundu. Yəni AFFA topları PFL-ə verir, biz də öz növbəmizdə hər kluba neçə top çatacaqsa, göndəririk. Qırmızı toplara ehtiyac çox olmur. Klublar özü qırmızı topları əldə etsələr, daha yaxşı olar. Çünki il ərzində o qədər də qarda oyun keçirilmir. Hətta deyərdim ki, bəzən 3-4 mövsümdə bir dəfə olar, ya olmaz. Klublarda qırmızı toplarla bağlı problem yaranarsa, geri qaytarmaq şərti ilə onları qırmızı topla təmin etmək olar".


GÜNAY VƏLİYEVA

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul