"Bütövlükdə idman sahəsi Azərbaycanda sürətlə inkişaf edib və bu gün dünya miqyasında Azərbaycan idman ölkəsi kimi tanınır. Beynəlxalq yarışlarda idmançılarımız yüksək nəticələr göstərirlər. Düzdü, Azərbaycan ictimaiyyəti bizim idman sahəsindəki qələbələrə öyrəşib və biz hansısa nəticəni əldə edə bilmiriksə, əlbəttə ki, məyus olur".
"Football-plus.az" saytının məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib. Ölkə başçısı parampiyaçıların uğurlu çıxışından da bəhs edib:
"Hamımız bilməliyik ki, idman sahəsində rəqabət kifayət qədər güclüdü və bütövlükdə son illər ərzində idman sahəsində göstərilən nəticələr, əlbəttə, qürurvericidi. İdmançılarımız dünya, Avropa şempionatlarında, digər beynəlxalq yarışlarda bizi sevindirirlər. Son Yay Olimpiya Oyunlarında Rio Olimpiya Oyunları ilə müqayisədə az medal qazansaq da, yenə də hesab edirəm ki, idmançılarımız yaxşı nəticə göstəriblər. Medalların sayına görə Azərbaycan 33-cü, Avropa ölkələri arasında 20-ci, müsəlman ölkələri arasında isə 4-cü yeri tutub. Düzdü, idmançılarımız bu dəfə qızıl medal qazana bilmədilər, amma ona çox yaxın idilər. Yenə deyirəm, idmanda məğlubiyyətlər də olur, qələbələr də. Bütövlükdə idman sahəsində əldə edilmiş nəticələr çox müsbətdi. Paralimpiyaçılarımız bizi çox sevindirib və böyük məharət, peşəkarlıq, fədakarlıq göstərərək çoxlu medallar, o cümlədən bir çox qızıl medallar qazanıblar. Əlbəttə ki, bu da çox önəmli hadisədi və biz haqlı olaraq paralimpiyaçılarımızla fəxr edirik"