
Aktual / Manşet / Günün xəbəri
339
7.09.2021, 15:25
“Bütün federasiyalarda mövcud vəziyyət ciddi təhlil olunmalıdı” - Prezident İlham Əliyev
Prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.
“Football-plus.az” saytının məlumatına görə, dövlət başçısı çıxışında narazı olduğu məqamlara da toxunub:
“İdman sahəsində buraxılan nöqsanlar ciddi araşdırılmalı, təhlil olunmalıdı. Xüsusilə Yay Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olub. Bütün federasiyalarda mövcud vəziyyət ciddi təhlil olunmalıdı. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidi”.
Prezident diqqəti ehtiyat qüvvənin olmamasına yönəldib:
“Onu da nəzərə almalıyıq ki, son Olimpiya Oyunlarında medallar qazananlar bizim təcrübəli idmançılardı. Demək olar ki, veteran idmançılardı. Onların arasında gənc nəslin nümayəndələri yoxdu və bu, çox ciddi təhlil olunmalıdı. Necə ola bilər ki, nəsillər arasında artıq belə bir məsafə yaranır?”
Dövlət başçısı ölkədə idman ifrastrukturu baxımından böyük işlər görüldüyünü deyib:
“Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət alıb. Təkcə bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş olunmalıdı. Orda məşq prosesi hansı səviyyədədi, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, idmanla məşğul olmaq üçün şərait necədi? Çünki biz bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin. Nəzərə alsaq ki, Tokio Olimpiya Oyunlarında gənc idmançılar medallar qazana bilmədilər, bu, çox ciddi təftiş olunmalıdı. Klublardakı vəziyyətlə bağlı təhlil aparılmalıdı. Yəni, biz nəticə çıxarmalıyıq. Əlbəttə, qələbələrlə fəxr edə bilərik. Ancaq çatışmazlıqlar da var və onlar aradan qaldırılmalıdı. Bu sahədə şəffaflıq tam təmin edilməli və bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdı”.