Qurban Qurbanov “Qarabağ”ın və ölkə futbolunun problemlərini açdı
Oyunsonrası mətbuat konfransına əvvəlcə qonaqların baş məşqçisi Bertran Krasson təşrif buyurdu. Belçikalı mütəxəssis matçla bağlı fikir söyləməyi lazım bilmədi və birbaşa sualların verilməsini istədi.
- Nəticəyə görə hansı hissləri keçirdiz?
- Açığı, nəticəyə görə çox təəssüflənirəm. 90 dəqiqənin yekunu məni məyus etdi. Amma oyundan razıyam. Üstünlüyümüz açıq-aydın görünürdü. Rəqibin meydanında oynayanda həmişə 0:1 geridə başlayırsan. Nəticədən narazı, oyundan razıyam.
- Evdə uduzandan sonra səfərdə heç-heçə edən komandanın baş məşqçisi niyə məyusdu?
- “Qarabağ” kimi güclü komandaya qarşı belə oynadığımıza görə fəxr edirik. Amma son dəqiqələrə qədər öndə olub, qələbəni əldən verməyimiz mənə pis təsir etdi. Üstəlik rəqib 10 nəfərlə oynayırdı. Belə durumda üstünlüyü qoruya bilmədiyimizə görə məyus olduq.
- Oyun zamanı tribunadan texniki zona ilə necə əlaqə saxlayırdız?
- Bunu müzakirə etmişdik. Telefon vasitəsilə əlaqə saxlayırdıq. Komanda üzərinə düşəni etdi. Oyundan-oyuna futbolçuların məsuliyyəti artır. İnkişafımızı görməmək mümkün deyil. Komandamın böyük potensialı var.
- Qeydə alınmayan qolla bağlı nə düşünürsüz?
- Təəssüf ki, belə hadisələr tez-tez olur. Videoyazıya baxa bilməmişik. Qolumuz sayılmadığına görə təəssüflənirik.
- Lüksemburqdakı ilk görüşdə xoşagəlməz hadisə baş vermişdi. Bakıdakı qonaqpərvərlikdən razı qaldız?
- Hamımız çox razıyıq. İnsanlardan, burdakı şəraitdən, ümumi ab-havadan məmnun qaldıq. Sözün düzü, bir daha böyük məmnuniyyətlə Bakıya gəlmək istərdim.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov həmkarından fərqli əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:
- Bizim üçün o qədər də yaxşı olmayan nəticə qeydə alındı. Ancaq hamımız bir yerdə olduq. Bütün azarkeşlərə təşəkkür edirəm. Maraqlı oyun oldu. Meydanda hər şeyi gördük. Həm qol oldu, həm də qırmızı vərəqə. Futbolçulara təşəkkür edirəm ki, sona kimi nəticəni dəyişmək üçün mübarizə apardılar. Şükürlər olsun, matçı ən azı bərabərliklə bitirə bildik. Çətin də olsa, məğlub olmadıq.
- Qol buraxandan sonra “Qarabağ” daha istəkli oldu. Əvvəldən niyə belə həvəs yox idi?
- Rəqib fərqli sistemdə oynayırdı. Hansısa komanda pressinq etmək istəyirsə, bu ilk hissədə daha yaxşı alınır. Fasilədən sonra pis başlamadıq. Ancaq düşünmədiyimiz qırmızı vərəqə oldu. Fikrimcə, komanda meydana heç də istəksiz çıxmamışdı. Ancaq ümumilikdə komandada belə ab-hava var idi ki, APOEL-lə ikinci oyundan sonra sanki mövsüm bitmişdi. Belədə onları oyunlara kökləmək asan deyildi. Bu gün komanda ilk dəqiqələrdən istəkli idi. Ancaq rəqibi də nəzərə almaq lazımdı. Qol buraxanda da 10 nəfərlə idik. Bundan sonra başqa çıxış yolumuz yox idi, risk etməliydik. Əks-hücumlarda tutula bilərdik. Oyunun dəyişməsinin səbəbi risk etməyimiz oldu.
- “Qarabağ”ın qrupdan çıxmaq şansının olmadığı bəlli idi. Sizcə, sınma anı APOEL-lə burdakı oyun oldu, yoxsa səfərdəki?
- Görünən odu ki, cavab oyunu. Daha dəqiq desəm, səfər qarşılaşmasının son 15-20 dəqiqəsi. Düzdü, hər şey bitməmişdi, ancaq rəqib artıq önə keçmişdi. Bakıdakı görüşdən sonra 2-ci pillədə idik. Bəlkə də orda 3:0 qalib gəlməliydik. Həmin məğlubiyyət bizim üçün böyük zərbə oldu. O görüşdən sonra futbolçular həddən artıq məyus oldular. Ancaq bu bizim işimizdi. Hər turnirdə ən yaxşısını etməyə çalışırıq. Nə qədər alındığını sonda görürük.
- Sizin üçün bu oyun daha vacib idi, yoxsa 3 gündən sonra keçiriləcək “Keşlə” ilə ölkə kubokunun qarşılaşması?
- Bu gün bu oyunu fikirləşirdik. Ən azı 3-cü yeri qorumaq istəyirdik.
- “Qarabağ” qrupda gücünə uyğun pillədə qərarlaşdı?
- Hər oyun ən yaxşısını edib, nəticə qazanmaq istəyirik. Bir neçə dəfə demişik ki, bəxtimiz gətirmədi, şanslardan yararlana bilmədik. Bir neçə gün əvvəl qrupda keçirdiyimiz oyunları bir daha özüm üçün təhlil etdim, videoyazıları izlədim. İndiyə kimi APOEL-lə görüşlərdəki qədər qol epizodu yaratdığımız rəqib olmayıb. Ancaq bu o demək deyil ki, onlar 2-ci yerə layiq deyillər. Bu, bəhanə olmamalıdı. Deməli, daha çox qol vəziyyəti yaratmaq lazımdı. İndi bununla razılaşmalıyıq. APOEL bizdən üstün oldu. Ancaq yenə onlara qarşı oynasaq, çəkinməyəcəyik və qalib gəlməyə çalışacağıq.
- Sanki bizim azarkeşlər üçün artıq qrup mərhələsi adiləşib. Bu fikirlə razısız?
- Qrup mərhələsi heç də asan deyil. Avropada orta səviyyəli çempionatlar da inkişaf etməyə başlayıb. Hər oyun istənilən məşqçi fərqli sistem tətbiq edə bilər. Əvvəllər bəzi komandalara qarşı oynamaq daha asan idi, nəinki indi. Şükürlər olsun, çox yerdə “Qarabağ”ın fərqli oyun göstərdiyini eşidirik. Bizə qarşı həddən artıq ciddi hazırlaşırlar. Biz istəyirik ki, hər il bir addım da irəli gedək. Ancaq bəzən hansısa uğuru əldə etmək o qədər də asan olmur. Bu il alınmadı, çalışmalıyıq ki, gələn il buna nail olaq. Əlimizi yanımıza salmaq düzgün olmaz. Mən “Qarabağ”a gələndə uzun illər komanda çempion ola bilmirdi. O vaxt klublar daha güclü idi, futbolda daha böyük maliyyə var idi. Onlardan çəkinmədik, üstünə getdik, çempion olduq, sonra qrupa düşdük və s. İdmanda prinsiplərə əməl etməliyik. Məğlub ola bilərik, amma sınmamalı, qorxmamalı, çəkinməməliyik. İnamla hazırlaşmalı, Avropa futbolundan qorxmamalıyıq. Rəhbərlik səviyyəsində də nə qədər gücümüz varsa, bundan istifadə etməyə, bir addım da irəli getməyə çalışırıq. Nə qədər edə biləcəyimizi zaman göstərəcək.
- 2019-cu ili “Qarabağ” üçün uğurlu saymaq olar?
- Uğursuz oldu desəm, o qədər də düzgün çıxmaz. Bir qədər əvvəl xeyli məlumat verdim. Bu il çempion olmuşuq, hazırda 1-ci yerdəyik, kubokda oyunlarımız qalır. Buna görə də ili uğursuz saymaq olmaz. Yaxşı oyun göstərib, titul qazanmaya bilərik, qrupdan çıxmamağımız mümkündü, ancaq ən azı Azərbaycan futbolu yenə qrup mərhələsində təmsil olundu. Hamımız İspaniyanın böyük komandalarından birini gördük, böyük futbolun nə olduğunu hiss etdik. İlə uğursuz deməyək. Onsuz da futbolumuza sevgi azdı, uğursuz olduğunu desək, bu daha da azala bilər. Daha ürəkli olmalı, sona kimi mübarizə aparmalıyıq. Uğursuz olduğumuzu desək, futbolumuz hara qədər gedəcək? Onsuz da klublar bir-bir sıradan çıxır. Avropanın nəhəng komandaları bura gəlirsə, çıxışımızı uğursuz adlandırmamalıyıq.
- Siz 10-cu dəfə ölkədə ilin məşqçisi seçildiz. Bir məşqi buna nail olmaq üçün nə etməlidi?
- Jurnalistlərin tərəfində olmalıdı (gülür). Seçim sizlərindi. Bu, mənim üçün xoşbəxtlik və böyük məsuliyyətdi. Həmişə çalışmışam ki, işimə sadiq olum, vicdanla çalışım. “Qarabağ”ı çalışdırıram, rəhbərlik və azarkeşlərin mənə güvəni böyükdü. Bunları nəzərə alıb, daha da işgüzar olmağı düşünürəm. Bəzən həddən artıq məyus oluram. Mətbuatda gedən bəzi yazılar mənə təsir edir. Amma bilirəm ki, hansı işin başındayam. Çalışıram işimi vicdanla görüm və həvəsdən düşmürəm. Bu o demək deyil ki, qalan məşqçilər belə deyil. Son illərdə çempionluqlar, qrup mərhələsində çıxış etmək seçilməyimə səbəb olub.
- Bütün böyük klublar nə vaxtsa nəsil dəyişikliyi yaşayırlar. Sizcə bu gün “Qarabağ”da buna ehtiyac var? Varsa, bunu necə həyata keçirməyi düşünürsüz?
- Bir komanda ki, daim nəticə üçün oynayır, nəsil dəyişmək heç də asan deyil. Birdən-birə böyük dəyişiklik etmək risk olar. Bir çox matçlarda təcrübəli oyunçulara ehtiyacımız olur. Futbolçu əldə etmək asan deyil. Bu yerlilərə də, legionerlərə də aiddi. 4-5 il əvvəl futbolçu gətirmək daha asan idi. Fərqli səbəblər var. Məsələn, Türkiyədə limitin götürülməsi bizə böyük zərbədi. Digər tərəfdən çempionatda 8 komandanın olması ciddi təsir göstərir. İstənilən futbolçu çempionatla maraqlanır. Belədə biz həddən artıq böyük pul təklif etməliyik ki, həmin futbolçu heç nəyi düşünmədən gəlsin bura. Bunun da mənfi tərəfləri var. Ancaq siz də rahat olun ki, biz dayanmırıq. Daim axtarışdayıq, istəyirik ki, daha yaxşı olsun, gənc futbolçular səviyyələrini artırsınlar. Üzərimizdə məsuliyyət çox böyükdü. Azarkeşlərimiz üçün çempion olmağa, qrupa düşməyə, qrupdan çıxmağa çalışmalıyıq. Üstəlik komandanı daha yaxşı formalaşdırmaq lazımdı. Bu asan deyil. “Real”da da, “Barselona”da da, “Mançester Yunayted”də də belə problemlər olur. Bizi nəticə maraqlandırmasaydı, çoxlu dəyişikliklər edər, gəncləşdirməyə gedərdik. Ancaq bu böyük risk olar. İstənilən halda, hər il yenilik etməyə çalışırıq.
RƏŞAD