Sizin reklam burada

Qurban Qurbanov: “Rəşadın belə oynamasına sevinirəm”

Title

“Dandolk”un çalışdırıcısı da “Qarabağ”a azarkeşlik edəcək
Oyundan sonra hər iki komandanın baş məşqçisinin qatıldığı ənənəvi mətbuat konfransları keçirildi. Adətən, belə oyunlardan sonra jurnalistlərin suallarını əvvəlcə qonaqların baş məşqçisi cavablasa da, bu dəfə fərqli oldu. Media nümayəndələrinin qarşısına qaliblərin çalışdırıcısı Qurban Qurbanov çıxdı və oyunla bağlı fikirlərini bölüşdü.
- Futbolçularımı təbrik edirəm. Bu gün çox güc sərf etdik. Ciddi hazırlaşmışdıq. Futbolçular bütün tapşırıqları yerinə yetirdilər. Gərgin oyun oldu. Bizə çox da uyğun olmayan rəqib idi. Rəqib çox xarakterli komanda idi. Matçdan öncə də mətbuata iddialı açıqlamalar vermişdilər ki, biz də onları oxuyurduq. Bu bir daha onu göstərirdi ki, onlar Bakıya qələbə dalınca gəliblər. Futbolçular gözəl oyunla rəqibin qarşısını aldılar və qələbə ilə azarkeşləri sevindirdilər.
- Mahir Əmrəlinin qaçırdığı qol vəziyyətləri, Rahil Məmmədovun müdafiədəki səhvləri fonunda ən yaxşılar legionerlər və yaşı keçmiş Rəşad Sadıqov idi. Yerli futbolçuların belə çıxışı sizi narahat etmir?
- İstərdim ki, bu gün pozitiv olaq. Kollektiv şəkildə intizamlı oynadıq. Biri səhv edir, digəri onu “sığortalayır” – futbol belə oyundu. Rəşadın belə oynamasına sevinirəm. Bütün futbolçular həddən artıq əziyyət çəkdilər və güc sərf etdilər.
- Ümumi oyunu götürəndə rəqibdən üstün təsir bağışlasaz da, müəyyən zaman kəsiyində sanki komanda oyundan qopmuşdu. “Dandolk”la ilk görüşdə də bunun şahidi olduq. Həmin an Vaqner da Silvanın qurtarışı olmasaydı, hesab bərabərləşəkdi. Oyunçularınızın konsentrsiyanı itirməsi nə ilə bağlıdı və bu məqam sizi narahat etmir?
- 90 dəqiqə eyni tempdə oynamaq mümkün deyil. Hesabda geri düşən komanda hücumda daha fəal olur. Bəzən künc zərbəsi zamanı, yaxud cərimə zərbəsindən sonra qapımız qarşısında müəyyən gərginliklər ola bilir. Ancaq vaxtında toparlanıb öz oyunumuzu diqtə edə bildik.
- Ozobiçin zədəsi çox ciddi görünürdü...
- Sabah dəqiq bilinəcək. Çox ciddi olmasa da, yüngül zədə də deyil. Diz nahiyəsindən xəsarət alıb.
- APOEL-in məşqçisi bu oyunu izləyirdi. Siz növbəti rəqib barədə məlumatlısız?
- Sadəcə, son matçdakı qollarına baxmışam. Ümumi məlumatım var. Bu komandalara diqqət ayırırıq. O çempionatın səviyyəsi, ya da hansısa futbolçuya görə. Düşünürəm ki, hamımızı maraqlı oyunlar gözləyir.
- “İmarət”lə polis arasında qarşıdurma baş verdi. Siz polisin azarkeşlərə belə münasibətini necə qiymətləndirirsiz?
- Məncə, polislə azarkeş “mehriban düşmənlərdi” (gülür). Çox görmüşük belə hadisələr. Biz həmişə azarkeşlərin yanındayıq, inşallah, problem olmaz. Polislər də qanunauyğun davranmalıdılar. Mehriban düşmən yox, yaxın dost da ola bilərlər. Azarkeşlər üçün də qorxulu heç nə yoxdu. Uzağı bir və ya iki gün saxlayıb buraxacaqlar (gülür).
- “Partizani”, yoxsa “Dandolk” ilə oyunlarda daha çox həyəcanlandız?
- Hər komandanın öz oyun üslubu var idi. Ancaq bu komandaya qarşı hücum qurmaqda çətinlik çəkirdik. Çox müqavimət göstərdilər. “Partizani”nin bir üslubu var idi: müdafiə olunurdu və əks-hücuma çıxırdı. “Dandolk” isə fərqli üslublarda oynayırdı.
Qurban bəyin ardından konfrans salonuna “Dandolk”un baş məşqçisi Vinni Pert gəldi.
- İlk oyundan sonra çox iddialı danışırdız. Ancaq bunu meydanda görmədik...
- Bu, iddia deyildi. Sadəcə, biz öz komandamıza inanırdıq. “Qarabağ” səviyyə baxımından bizdən bir neçə dəfə güclü idi. Rəqibə çox böyük hörmətimiz var. “Qarabağ” son 7 ildə qarşılaşdığımız ən güclü rəqib idi.
- Oyun gözlədiyiniz kimi keçdi?
- Bəli. Bilirdik ki, “Qarabağ” topla daha çox oynayacaq. İkinci hissədə imkanlarımız oldu. Dəyərləndirə bilmədiyimizə görə üzgünük. Sözsüz, bu gün güclü olan qələbə qazandı. Mən öz komandamdan çox razıyam. Rəqibə isə hörmət edirik və ona uğur arzulayırıq.
- Bakının istisi oyununuza nə dərəcədə təsir etdi? Hər imkanda futbolçularınız su içməyə tələsirdi.
- Biz, adətən, 10 dərəcə daha aşağı temperaturda oynayırıq. Təbii ki, çətin idi. Lakin bunu bəhanə kimi dilə gətirmək istəmirəm. Rəqibin səviyyəsi çox yüksək idi. Bu da imkan vermirdi ki, biz topu alaq. Bəzi səhvlərimiz də oldu.
- APOEL-lə mübarizədə “Qarabağ”ın şanslarını necə görürsüz?
- Kiprdən heç kimin xətrinə dəyməmək şərti ilə qeyd etmək istərdim ki, həmin oyunlarda “Qarabağ”a azarkeşlik edəcəm. Biz də istərdik ki, kiçik ölkədən böyük klub olaq. Həmin dueldə “Qarabağ”ı favorit görürəm və düşünürəm ki, mərhələ adlayacaqlar.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.