Sizin reklam burada

Türkiyə şirkəti “Neftçi”nin geyim sponsoru oldu

Title

Yeni tərəfdaş hər il təxminən 100 min manat xərcləyəcək
Srağagün “Bakcell Arena”da təşkil olunan tədbirdə "Neftçi" yeni sponsorla - "Buta Qlobal Enerji Tekstil"lə əməkdaşlıq müqaviləsi imzaladı. Mətbuat nümayəndələrinin də qatıldığı mərasimdə “ağ-qaralar”ın prezidenti Kamran Quliyev, Media və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev, paytaxt təmsilçisinin bəzi futbolçuları, "Buta Global Enerji Tekstil"in baş direktoru Muhterem Ermez, qurumun PR meneceri Səməd Nəsibov iştirak edirdi. Sözləşmə 2 il müddətinə nəzərdə tutulub. Razılaşmaya əsasən şirkət klubun əsas komandasının geyim tərəfdaşı olacaq. Qeyd edək ki, "Buta Qlobal Enerji Tekstil" 2012-ci ildə Türkiyənin İstanbul şəhərində təsis edilib. Tekstil və enerji sahəsində məhsul istehsalı ilə məşğul olan şirkət yarandığı gündən Azərbaycanda da fəaliyyət göstərir.
Tədbirdə ilk söz “Neftçi”nin prezidentinə verildi. Kamran bəy əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağına inandığını bildirdi: “Dua edirdik ki, bu tədbiri qələbədən sonra həyata keçirək. Yaxşı ki, bu xoş təsadüf oldu. "Neftçi"ni tanıtmağa ehtiyac yoxdu, ən köklü, ən çox azarkeşə malik klubdu. Bilirik ki, qardaş Türkiyədə "böyük dördlük" varsa, "Neftçi" həmişə ölkəmizin təmsilçilərinin başında olub. Biz yeni ortaqlar axtarırıqsa, bəzi təşkilatlar da bizimlə əməkdaşlıqda maraqlıdı. Onlar da özlərini daha geniş auditoriyaya çatdırmaq istəyirlər. “Sarar” markası Azərbaycanda çox tanınan, qapılarını müştərilərə açan brenddi. Türkiyədə böyük ticarət mərkəzlərində bu brendi görmüşəm. “Neftçi” hər brendlə işləyə bilməz. “Sarar” adına, işinə və səviyyəsinə görə “Neftçi”nin uzunmüddətli tərəfdaşı ola bilər. Bu şirkətə təşəkkürümü bildirmək istəyirəm. “Neftçi” ailəsinə xoş gəlmisiz. İnanıram ki, azarkeşlər bu markanı daha yaxın hiss edəcəklər”.
Klub prezidentindən sonra çıxış üçün söz şirkətin baş direktoru Muhterem Ermezə verildi. Muhterem bəy də əməkdaşlıqdan məmnun qaldıqlarını söylədi: "Əvvəllər Türkiyənin futbol və basketbol yığmasına da sponsorluq etmişik. “Buta Global” olaraq Azərbaycan və Türkiyədə 2012-ci ildən fəaliyyət göstəririk. Enerji və tekstil sahələrindəyik. Bizə bu fürsəti yaradan hər kəsə təşəkkür edirəm. Şirkətimiz 2012-ci ildə Türkiyədə yaranıb. Tekstil və telekommunikasiya sahəsində öncüllərdən biriyik. Bundan sonra Azərbaycanın böyük klublarından birində geyim sponsoru olacağıq. Çox qürurluyuq. İnanıram ki, “Neftçi” Avropaya və dünyaya səs salacaq nəticələrə imza atacaq. Biz hər zaman dəstəyimizi verəcəyik".
Muhterem bəy fikirlərini bölüşdükdən sonra jurnalistlər klub prezidentinə və "Buta Global Enerji Tekstil" şirkətinin baş direktoruna suallar ünvanladılar.
- Bir neçə il öncə "Sarar" "Qəbələ" ilə də əməkdaşlıq müqaviləsi bağlamışdı. Bu gün “Qəbələ”nin durumu hər kəs bəllidi. Eyni aqibəti yaşayacağınızdan qorxmursuz?
- K.Q.: "Qəbələ"nin son illərdə qazandığı uğurlar Azərbaycan futbolu üçün nümunədi. Əsasən də uşaq futbolunda. İnanmaq istəyirəm ki, bu klubun gələcək aqibəti yaxşı olacaq, bizim üçün belə aqibət yaşanmaz. Hər halda, "Sarar"ın "Qəbələ"yə faydası dəyib.
- Sponsor tapmağın yolunu bəlkə PFL prezidenti Ramin Musayevə də öyrədəsiz. Musayev premyer-liqaya sponsorluq etmək istəyən şirkətlərin olmamasından gileylənir, bunda jurnalistləri gühanlandırır...
- K.Q.: İlk olaraq bunu bəyan edim ki, bu, sonuncu imzalanma deyil, gələcəkdə də olacaq. Məsələyə dediyiniz prizmadan baxmazdım. PFL-in vaxtilə sponsorları olub. İnanmaq istəyirəm ki, onların işləri yaxşı olacaq. Ramin müəllim təcrübəli funksionerdi. Onlara yeni şirkət tapmaqda uğurlar arzulayıram. Futbolumuz parlaq dönəm yaşamır, çətinliklər mövcuddu. Hər dövrün öz göstəricisi var. Bəzən komandalarımız daha yaxşı çıxış edir. Futbolda sabitlik formulu yoxdu. Bu dövrdə hər hansı təşkilat futbola dəstək verirsə, yatırım edirsə, bu alqışalayiqdi. İnanmaq istəyirəm ki, digər şirkətlər də futbola dəstək olacaq, futbol xalq oyunudu. Biz digər idman növlərində uğur qazanırıq, amma futbola maraq sönməyib. İstənilən dövrdə bu idman növünü izləyənlər çox olub. Belə çətin vaxtda futbola dəstək olmaq böyük işdi. Fürsətdən istifadə edərək bu şirkətə təşəkkürümüzü bildirir, "Neftçi" ailəsinə xoş gəlmisən" deyirik. Bir arzum da var ki, Türkiyə millisi AÇ-2020-də uğurlu çıxış etsin. Bu yığmaya uğurlar arzulamaq istəyirik.
- Qəbələdən sonra Neftçi” ilə əməkdaşlığa başladız. Gələcəkdə Azərbaycanda başqa idman növlərinə yatırım etmək fikriniz var?
- M.E.: Bura gəlmək səbəbimiz tək "Neftçi"di. Onların rənglərinə aşiqəm. Türkiyədə "Beşiktaş"a azarkeşlik edirik. Bizdə başqa rəng olmur, sadəcə, ağ və qara olur". İmza mərarasimi başa çatandan sonra Quliyev Muhterem Ermezə arxasında “26” yazılmış “Neftçi”nin formasını bağışladı.
Sonda onu da qeyd edək ki, “Neftçi”nin əsas komandasını rəsmi geyimlərlə təmin edəcək “Sarar”ın loqosu həmin məhsulları bəzəyəcək. Müqavilənin dəyəri rəsmən açıqlanmasa da, öyrəndik ki, yeni tərəfdaş hər il təxminən 100 min manat xərcləyəcək.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.