"Neftçi"nin sabiq idman direktoru, hazırda isə Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti vəzifəsində çalışan Güloğlan Cabbarov dünən Minskdə başa çatan 2-ci Avropa Oyunlarında boksçularımız Alfonso Domingeslə Lorenso Sotomayorun çıxışına toxunub. Yerli boksçuların qarşısının alınmasında Azərbaycan Boks Federasiyasının rəhbərliyini tənqid edən Cabbarov şəxsi "feysbuk" səhifəsində bunları yazıb: "Dostlar, danışmaq istəmirəm, amma olmur. İdman bizim həyatımızdı. Deməli, kubalıları bu il bizim boksçular "eşşək sudan dönənə qədər" çırpdılar. Hər ikisini nokaut etdilər. Ölkəmiz adından yarışan Rusiya, Ukrayna, Belarus, Dağıstan idmançılarını başa düşürəm. Çünki bizim də azərbaycanlılar var ki, bu ölkələri təmsil edib yüksək pillələrə qalxırlar. O ölkələrin idmanını zirvələrə daşıyırlar. Bu qarabalaların adları belə bizim millətin yadında qalmır. Kürdəmirli, qazaxlı, naxçıvanlı, tovuzlu, gəncəli, gədəbəyli, digər ucqar rayonlarımızda yaşayan yaşlı nənə və babalarımız da idmanı izləyir, xeyir-dua verir. Onlar Alfonso, Rodriges, Sotomayor adlı qarabalalara necə "afərin" deyib, alqış etsinlər? Bu hansı məntiqə sığır? Boks Federasiyası gənclərimizin qarşısını alır. Özüm də iki il boks yığmasının üzvü olmuşam. Rusiyada keçirilən beynəlxalq yarışda çempion, boks üzrə hərbçilər arasında çempionatın isə iştirakçısı olmuşam. Deməyim odu ki, gəlin Azərbaycan boksçularına sahib çıxaq, onların haqlarını müdafiə edək. Yalnız bu şəkildə Azərbaycan boksçularından uğur görmək olar. Gənclərimizi əzməklə, ordan-burdan, okeanın digər tayından idmançı gətirməklə heç vaxt Azərbaycan boksu irəli getməyəcək. Bu belə bilinməlidi. Allaha əmanət olun, dostlar!"
Əvvəlcə onu vurğulayaq ki, Azərbaycanı Belarusda təmin edən Dominges qızıl, Sotomayor isə bürünc medal qazanıb. Bu iki kubalının personasının müzakirəyə çıxarılmasının isə xüsusi səbəbləri var. Belə ki, Alfonso Domingesi son ölkə çempionatının finalında yerli idmançı Rauf Rəhimov bir xal qazanmağa qoymadan darmadağın edib. Amma deyilənə görə, kubalının himayədarı güclü olduğuna görə Minskə Raufun əvəzinə Alfonso gedib. Alfonsonun həmyerlisi, Minskdə nokauta düşən Sotomayor isə azərbaycanlı qızlarla eyş-işrət məclisləri (şəklə bax) və erotik fotoları ilə tanınır. Qeyd edək ki, Alfonso kimi, Sotomayoru da son ölkə çempionatında azərbaycanlı idmançı rinqdə süründürmüşdü. Həmin çəkidə yarımfinalda Sotomayoru nokauta salıb yekunda çempion olan Elnur Süleymanov, finalda uduzan Nicat Həsənov Minskə aparılmayıb. Məhz bu məqamlar boks ictimaiyyəti arasında narazılıqla qarşılanıb. Azərbaycan Boks Federasiyası ilə bütün bu narazılıqlarla bağlı sport7.az saytına açıqlama verib:
"Milli komandaya təkcə ölkə çempionları yox, mükafatçıların hər biri dəvət alır. Azərbaycan çempionatından da müəyyən müddət keçib və bu səbəbdən də baş məşqçi yığma komandanı Avropa Oyunlarına hazırlıq üçün baş tutan təlim-məşq toplanışlarına əsasən müəyyənləşdirib. Lorenso Sotomayorun çəkisində Azərbaycan çempionu olan Elnur Süleymanovun çəkisi 75 kq-a yüksəldiyindən və iştirak etdiyi yarışlarda medal qazana bilmədiyindən, o, Rio Yay Olimpiya Oyunlarının finalçısı ilə əvəz edilib.
Rauf Rəhimovun Minskə aparılmaması isə son döyüşdə onun Alfonso Domingesə məğlubiyyəti ilə bağlıdı. Çünki baş məşqçinin istəyinə əsasən heyət açıqlanmazdan öncə onlar arasında yoxlama görüşü təşkil olundu və Dominges qalıb gəldi. "Onluğ"'u bir qədər gec açıqlamamızın da səbəbi bu idi. Yekunda isə Avropa Oyunlarına yollanan hər iki boksçu medal qazanmağı bacardı.
Başqa ölkələrdəki azərbaycanlı boksçulara gəlincə, biz həmişə hər bir həmyerlimizi diqqətdə saxlamışıq və saxlamağa davam da edirik. Bu gün Azərbaycan yığmasını təmsil edən Nurlan Səfərov, Məsud Yusifzadə, vaxtilə Azərbaycana Olimpiadada medal qazandırmış Teymur Məmmədov və bir sıra azərbaycanlılar Rusiyadan komandamıza cəlb olunub. Rio 2016-nın bürünc mükafatçısı Kamran Şahsuvarlı isə Qazaxıstandan komandamıza dəvət edilib. Həmçinin son Azərbaycan çempionatında 91 kq çəki dərəcəsində çempion olmuş Rövşən Yaqubzadəni də onların arasına daxil etmək olar. İndi də bu siyasətimiz davam edir. Rusiyada və dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq, bütün azərbaycanlıları milliyə cəlb edirik. Hədəfimiz azərbaycanlıların ölkəmizi öz bayrağımız altında təmsil etməsidi. Biz bunun üçün bütün şəraiti yaratmışıq və bunu da bütün dünya bilir.
Unutmaq lazim deyil ki, legioner dediyimiz idmançılar Alfonso Dominges və Mariya Stadnikin qızıl medallari Azərbaycanı bir neçə pillə irəli apardı".
ORXAN