Dekabrın 8-də Azərbaycan Güləş Federasiyasının (AGF) Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Mandat komissiyasının üzvləri və iclasın gündəliyi təsdiq olunduqdan sonra AGF-nin baş katibi Orxan Məmmədov 2018-2021-ci illərdə güləşdə qazanılan nəticələrlə bağlı hesabatı təqdim edib.
Daha sonra səsvermə yolu ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov AGF-yə üzv seçilib. Bundan sonra M.Cabbarovun federasiyanın prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb. Səsvermənin nəticələrinə əsasən, M.Cabbarov növbəti 4 il müddətinə federasiya prezidenti seçilib.
Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyev AGF-nin vitse-prezidenti seçilib.