Bu gün millimiz beynəlxalq yoldaşlıq matçına çıxıb. Yığmamız Bakıda Tacikistan millisini qəbul edib. Görüş komandamızın minimal hesablı qələbəsi ilə başa çatıb.
"Football-plus.az" xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:
- Azarkeşlərə təşəkkür edirəm. Oyunun ağır keçəcəyini bilirdik. Qarışıq heyətlə oynadıq. Əsas motivasiya üçün qələbə lazım idi. Qələbə yaxşı oldu. Birinci hissədə tempi yüksəldə bilmədik, amma ikinci hissə dəyişiklikdən sonra 20-25 dəqiqə çox yaxşı temp oldu. Bu da bizə lazım olandı. Bizi ağır səfər gözləyir, bu tempə dözmək lazımdı. Bəzi oyunçulara istirahət etdirdik. İnanıram ki, onlar da bizə qoşulacaq və Litva səfərindən sərfəli nəticə ilə qayıdacağıq.
- Abdulla Xaybullayevin durumu nə yerdədi? Edqar Adilxanovu necə, növbəti oyunlarda görə biləcəyik?
- Tək Xaybullayevdə yox, Mahirdə də zədə oldu. Xaybullayevdə problem yoxdu. 90 dəqiqə meydanda az olan futbolçularda bunlar hiss edildi. Edqara gəldikdə, bu gün qələbədən də çox, gəncləri qazandıq. Fərid Yusifli də debüt etdi. Hardansa başlanğıc olmalıdı. Gənclərə yol açmaq lazımdı.
- Cahangir Fərəcullayevlə danışırdınız. Sirr deyilsə, nə danışırdız? Legionerlər də oynadı. Onlardan da razı qaldız?
- Baş katib həmişə yanımızdadı, həmişə dəstəyini verir, uğurlar arzuladı. Milli komandada bir yaxşı oyuna sahib olmaq üçün vaxt lazımdı. İki məşqlə, qarışıq heyətlə istədiyimizi tam ala bilmirik. Üç gün də vaxtımız olacaq. Gənclər də gəlir. Komandanın perspektivi var.
- Bu oyundan sonra sizcə hansı detallarda artırmaq lazımdı növbəti oyunöncəsi?
- Bəzi mövqelər var idi ki, bizə sual doğururdu, o futbolçuları görmək istəyirdik. Onları bu gün gördük, suallarımıza cavab oldu. Litva tam başqa cür komandadı, onlara tam başqa hazırlaşacağıq. Oyun planımızda da dəyişikliklər olacaq.
- Rəhim Sadıxov start heyətində hücumun sivri ucunda yer alırdı. Bu, rəqib qapıçı Oleq Baklovu daha yaxşı tanıması ilə bağlı idi?
- Xeyr, o oyun üslubumuz idi. Rəqibə pressinq edəndə, iki hücumçu olurduq. Top bizdə olanda Rəhimdən daha çox "10 nömrə" kimi istifadə etmək istəyirdik. Bəzən belə oyunlar, rəqibin müdafiəsini yarmaqda gizli hücumçu kimi istifadə etmək istəyirdik.
- Litva səfərindən bir xal gətirmək sərfəli nəticə hesab oluna bilər?
- Qrupda üç komanda var. Hər xal, hər top vacib olacaq. Əsas məqsəd birinci yeri tutmaqdı. Ona görə də nəticəyə oynamalıyıq. Xal vacib olacaq.
"İki məşqlə, qarışıq heyətlə istədiyimizi tam ala bilmirik" - Ayxan Abbasov
Ölkə futbolu / Manşet






