“Növbəti matçda bugünkündən daha çox azarkeş gözləyirik” - Dambrauskas

13.10.2026 23:57 63
Manşet / Avrokuboklar
“Sabah” bu gün Çempionlar Liqasının liqa mərhələsində ilk qələbəsini “Slaviya” üzərində qazandı.

“Football-plus.az” “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransından hesabatı təqdim edir.

– “Slaviya”nın baş məşqçisi bildirdi ki, yarımmüdafiədə sizə uduzdular və ikinci hissədə təzyiqə tab gətirə bilmədilər. Bu, əvvəlcədən planlaşdırdığınız oyun idi?
– Bir qədər razı deyiləm. Biz əvvəldən təzyiq göstərməyə başlamışdıq. Rəqibi yaxşı təhlil etmişdik. İlk hissədə topa 60 faiz sahib idik. Rəqibin hansı zonalarda boşluqlar yaratdığını bilirdik. İlk hissənin sonlarına yaxın topa sahibolma göstəricisi 50-50-yə yaxınlaşdı. Sadəcə, futbolçularımızdan sona qədər mübarizə aparmalarını istəyirdik. Belə komandalara qarşı oynamaq çətindi. “Slaviya”ya qarşı ətraflı təhlillər aparmışdıq. İkinci hissənin əvvəlində erkən qol vurduq. Bəzən bəxtimiz də gətirdi və bu da vacibdi. Oyuna daha yaxşı kökləndik, ikinci qol şansını gözlədik və fərqi artırdıq. Futbolçularımın çıxışından məmnun qaldım. Bu, bizim ilk ev qələbəmiz idi.

– Qarşıdakı oyunla bağlı azarkeşlərə nə vəd edirsiz? Bu, komandanın ən yaxşı çıxışı idi?
– “Sabah” hər oyunda daha yaxşı oynamağa çalışır. Növbəti matçda bugünkündən daha çox azarkeş gözləyirik. Biz Bakını təmsil edirik və bunun üçün azarkeşlərin dəstəyinə ehtiyacımız var. Hesabla bağlı əvvəlcədən söz verə bilmərəm. Bu gün çox yaxşı oynadıq və üç xal qazandıq. Qarşıda “Qəbələ”yə qarşı səfər oyunumuz, daha sonra isə “Borussiya” ilə matçımız var.

– Matçdan əvvəl rəqibin futbolçularından biri “Sabah”ı ən asan rəqib kimi qiymətləndirmişdi. Bu açıqlama komandanıza əlavə motivasiya verdi?
– Düşünmürəm ki, bu bizə təsir göstərdi. Onlar belə fikirlər səsləndirə bilər, amma “Sabah” da Çempionlar Liqasında çıxış edən klubdu. Yüksək bacarığa malik futbolçularımız var. Növbəti matçlarda daha yaxşı oynamağa çalışacağıq.

– Qarşıda daha altı oyun var. İştahınızın artdığını demək olarmı?
– Bunu necə istəyirsiz, elə də deyə bilərsiz. Ancaq hazırda bizim üçün əsas məsələ “Qəbələ” ilə səfər oyunudu. Daha sonra “Borussiya” ilə qarşılaşacağıq.

– “Slaviya”nın məğlubiyyətini nə ilə əlaqələndirirsiz?
– Bunu deyə bilmərəm. Mən yalnız öz komandam haqda danışa bilərəm. Rəqibin niyə uduzduğunu deyə bilmərəm.

– Stiv Solvetin əvəzlənməsi zədə, yoxsa vərəqə ilə bağlı idi?
– O, təxminən bir aydı oynamır. İlkin plan onun altı həftədən sonra meydana qayıtması idi. Komanda ilə dörd məşqdə iştirak edib. Yavaş-yavaş bərpa olunur. Fiziki hazırlığı hələ bizi tam qane etmir. Sağalandan sonra daha çox oyun vaxtı ala bilər. Bütün müdafiəçilərimə təşəkkür edirəm.

– Komandanın fiziki durumunu necə qiymətləndirirsiz? Sanki matçda rəqibə futbolçularınıza fiziki mübarizədə məğlub oldu…
– Futbol elə bir oyundu ki, müəyyən çatışmazlıqlar ola bilər. Ancaq biz bu məqamları kompensasiya etdik. Nəticəyə fiziki hazırlıqla yanaşı, taktika və digər amillər də təsir göstərir. 2:0-dan sonra əlavə qollar vurmaq imkanlarımız da oldu. Biz hər oyunda daha mükəmməl çıxış etməyə çalışırıq.

İSRAYIL XEYRULLAYEV