Üzrü qəbahətindən böyük Zaur Axundov... – getmək vaxtıdı!

23.09.2026 23:51 810
Manşet / Yazarlar
Baş məşqçi Cavid Hüseynov və məşqçi Zaur İsmayılov ilə yolları ayıran “Araz-Naxçıvan”ın yeni baş məşqçisi bəlli olub. “Qırmızı-ağlar”ı bundan sonra Yuri Maksimov çalışdıracaq.

Niyə məhz Maksimov? Hadisələrin axarından xəbərdar olan hər kəs bu seçimin təsadüfi olmadığını bilir. Ona görə ki, çalışdırıcı əvvəllər də, daha dəqiqi, 2017-18-ci illərdə Zaur Axundovla birgə işləyib. Təkcə bu məqam onu deməyə əsas verir ki, Zaur bəy faktiki sahibi olduğu “Araz-Naxçıvan”da diktə edən, prezident Ceyhun Sultanov isə icra edən tərəfdi. Axı Ceyhun bəy hələ cəmi bir neçə gün əvvəl Cavid Hüseynova güvəndiklərini demişdi.

Burdakı ciddi fikir ayrılığı öz yerində. “Qırmızı-ağlar”la bağlı əsas problem baş məşqçi ayrılığı və ya təyinatı deyil. Ümumiyyətlə, komandanın çatışmazlıqlarının baş məşqçi ilə bağlı olmadığı göz önündədi. “Araz-Naxçıvan”ı istər Yuri Maksimov çalışdırsın, istər Elmar Baxşıyev, istər Andrey Demçenko, istərsə də Cavid Hüseynov. Sizi əmin edirik ki, belədə komanda sabit nəticələr qazana, ardıcıl uğurlar əldə edə bilməz. Bəli, bu sırada yalnız Elmar bəy yaxşı mənada başqalarından fərqlənir. Ancaq Demçenko ilə Maksimov arasında ciddi fərqdən söhbət gedə bilməz. Premyer-liqada hansısa uğur qazanmayan məşqçinin – Cavid Hüseynovun qarşısına avrokubok hədəfi qoymaq birinci, onu Maksimovla əvəzləmək ikinci səhv...

Dəyiş, dəyiş, dəyiş... Bəli, dəyişmək lazımdı, ancaq baş məşqçi yox, klubun ümumi strategiyası dəyişməlidi. Dəfələrlə vurğuladığımız kimi, “Araz-Naxçıvan” Naxçıvana qayıtmalı, hər ev oyununda azı 10 min azarkeş tribunalarda olmalı və komandadan nəticə tələb etməlidi. Azarkeş sevgisi, dəstəyi, təzyiqi olmayan yerdə hansısa yüksəlişdən, inkişafdan danışmaq boş vəd, vaxt qazanmaq cəhdidi. Peşəkar klub belə ola bilməz!

Gah Bakı, gah Qəbələ, gah Şamaxı, gah Demçenko, gah Hüseynov, gah Maksimov! Həqiqətən peşəkar futbolu bu cür təsəvvür edirsiz? Bəlkə futzalda təslim olduğunuz kimi futboldan da birdəfəlik gedəsiz, Zaur bəy? Axı “Araz-Naxçıvan” 100 ildən çox tarixi olan Muxtar Respublikanı, təxminən yarım milyon əhalisi olan bölgəni təmsil edir və bu cür yanaşmaya layiq deyil!

KƏNAN BAHADIR