Bu dəfə də adəti üzrə start heyətində yer almayan və bütün oyunu ehtiyatda keçirən tanınmış yarımmüdafiəçi qarşıdan gələn ''Barselona'' ilə oyuna hazır olub-olmaması barədə suala ''onsuz da oynamıram, niyə hazır olum?'' cavabını verdi. Baş məşqçi Okan Buruk cəzalı olduğundan bu görüşdə ''sarı-qırmızılar''ın başında onun köməkçisi İrfan Saraloğlu yer almışdı.
Bu məşqçinin oyunsonrası mətbuat konfransında Gündoğanın verdiyi açıqlamaya reaksiyası belə oldu:
''O da qarşıdakı matçlarda mütləq oynayacaq. Fərdi performanslar haqda bir söz deyə bilmərəm. Mən köməkçi məşqçiyəm. Vəzifəm bütün oyunçulara eyni gözlə baxıb onların performansının artmasına nail olmaqdı. Onların oyununu dəyərləndirmək isə Okan Burukun işidi''.
2025-in yayında ''Mançester Siti''dən ayrılaraq böyük ümidlərlə Türkiyəyə gələn Gündoğan ilk mövsümdə mükəmməl təsir bağışlamasa da, ən azı komandada varlığı hiss olunurdu və tez-tez şans qazanırdı. Amma bu mövsüm tamamilə gözdən düşən 36 yaşlı futbolçu gününü yalnız ehtiyatda keçirir.
2026/27-də Gündoğan ''Qalatasaray''ın keçirdiyi 8 rəsmi oyunun cəmi 2-də, ümumilikdə 14 dəqiqə oynamaq şansı qazanıb. Həm onun, həm də Kaan Ayhanın qışda komandadan ayrılacağı gözlənilir.






