Türkiyə yığmasında Montella dönəmi rəsmən başa çatdı! - ƏTRAFLI

9.10.2026 21:48 18
Dünya futbolu
Türkiyə Futbol Federasiyasının idarə heyətinin toplantısının keçirildiyini xəbər vermişdik. Toplantının ana maddəsi federasiyanın istefası idi. Amma federasiya prezidenti İbrahim Hacıosmanoğlu istefa verməyərək işini davam etdirib.

İdarə heyətinin bir sıra üzvləri növbədənkənar seçkilərin keçirilməsinin tərəfdarı idilər. Amma Hacıosmanoğlu bu ideyanı yaxına buraxmadığından növbədənkənar seçkilər tələb edən idarə heyətinin 5 üzvü istefa verib. Söhbət Məcnun Odyakmaz, Mustafa Bozbağ, Zəfər Bahadır Saraç, Bilal Arslan və Murat Şahindən gedir. Bununla da idarə heyətində ümumilikdə istefaların sayı 8-ə çatıb.

Toplantının ən önəmli nəticəsi isə yığmanın baş məşqçisi Vinçentso Montella ilə yolların ayrılması oldu.

Beləliklə, Türkiyə yığmasında 2023-ün sentyabrında başlayan və 3 ildən bir qədər artıq davam edən Montella dönəmi rəsmən başa çatmış oldu. ''Ay-ulduzlular''ın həm DÇ-2026-da, həm də son olaraq Millətlər Liqasının A liqasında fiaskoya uğraması bu qərarda başlıca rol oynadı.

Türkiyə italiyalı mütəxəssisin başçılığı altında keçirdiyi 40 oyundan 21 qələbə, 5 heç-heçə, 14 məğlubiyyətlə ayrılmış oldu. Bu 14 məğlubiyyətdən 6-sı son 7 oyuna təsadüf etdi.