Türkiyə mətbuatında Türkiyə Futbol Federasiyasının yığmanın baş məşqçisi Vinçentso Montella ilə yolları ayırmağa qərar verməsi barədə şayiələr yayılıb.
Zaman göstərdi ki, ''ay-ulduzlular''ın bu məşqçi ilə Millətlər Liqasında A liqasına yüksəlməsi həm Montellanın özünün, həm də komandanın əleyhinə işlədi. Çünki mundialdakı fiaskodan sonra bəlkə də qardaş ölkə üçün öz səviyyəsinə uyğun rəqiblərlə oynamaq daha yaxşı olardı. Amma Türkiyə A liqasında Fransa, İtaliya və Belçika kimi güclü rəqiblərlə oynamaq məcburiyyətində qaldı. DÇ-dən sonra özünəinamı və psixoloji durumu onsuz da qaydasında olmayan komanda ardıcıl məğlubiyyətlərlə daha da sarsıldı.
Yer aldığı qrupda 4 oyunun hamısını uduzan və pley-off şansını itirən Türkiyədə Montella dönəminin bitməsi barədə hələlik rəsmi açıqlama yoxdu. Təzminat məsələsinə gəlincə yerli mənbələrin yazdığına inansaq, federasiya italiyalı mütəxəssisə onun 5 aylıq pulunu verəcək. Görünür, tərəflər arasında artıq bununla bağlı anlaşma əldə olunub. 2028-in yayına qədər müqaviləsi olan Montellanın aylıq məvacibi 183 min avrodu. Yəni TFF ona 915 min avro təzminat ödəyəcək.
Maraqlıdı ki, digər tərəfdən bu federasiya rəhbərliyinin özünün də vəzifədə qalıb-qalmayacağı bilinmir. Bu aralar məlum olduğu kimi Türkiyə futbolu həbs və istefa xəbərləri ilə çalxalanır. Hakimlər Komitəsinin sədri Fərhat Gündoğdu, hakim Yasin Kol həbs edilibsə, federasiyanın özündə bir çox yönətici istefa verib. Ona görə də bu vaxta qədər hər zaman Montellaya dəstək nümayiş etdirən TFF prezidenti İbrahim Hacıosmanoğlunun özünün də ayrılması gündəmdədi.
Sonda bildirək ki, Türkiyə Montellanın dönəmində keçirdiyi 40 oyundan 21 qələbə, 5 heç-heçə, 14 məğlubiyyətlə ayrılıb. Bu 14 məğlubiyyətdən 6-sı son 7 oyuna təsadüf edib.
Türkiyədə Montella dönəmi başa çatdı?
Dünya futbolu






