Vidadi Rzayev: “Könül istərdi ki, “Neftçi” qalib gəlsin” - paytaxt derbisi ərəfəsində kim güclüdü?

9.10.2026 11:00 144
Ölkə futbolu / Manşet
Bu gün premyer-liqada uzunmüddətli fasilə başa çatır.

Maraqlıdı ki, elə ilk oyun günündə futbolsevərləri gərgin mübarizə gözləyir. Paytaxt derbisində “Neftçi” “Sabah”ı qəbul edəcək. Turnir cədvəlinin lideri “Neftçi” bir oyunu təxirə salınsa da, onunla bərabər xal toplayan, məğlubiyyətsiz “Sabah”la üz-üzə - bundan gözəl afişa ola bilər?!

Hansı komanda meydana daha üstün vəziyyətdə çıxacaq? Milli komandalara hansı tərəf daha çox futbolçu göndərmişdi? Rauf Cabbarovun idarə etdiyi əvvəlki “Neftçi” – “Sabah” duellərində hansı tərəf üstün olub?

Əvvəlcə onu qeyd edək ki, hazırkı vəziyyətdə “Neftçi”ni müəyyən mənada üstün tərəf saya bilərik. Bunun əsas səbəblərindən biri “ağ-qaralar”ın oyun qrafikidi. Onlar adi rejimlə oyunlara hazırlaşırsa, “Sabah” daha sıx təqvimlə üz-üzədi. “Bayquşlar” oktyabrın 13-də Çempionlar Liqasının liqa mərhələsində “Slaviya”nı qəbul edəcək. Bu üzdən istər-istəməz heyət seçimində rotasiya etməyə məcburdular.

“Ağ-qaralar”ın fasilə müddətində 8, “Sabah”ın 10 futbolçusu milli komandalara dəvət alıb. Digər tərəfdən, “Sabah”ın heyəti yetərincə genişdi. “Neftçi” isə hələ də komanda kimi formalaşma mərhələsini tam başa vurmayıb. Bu isə qarşılaşma zamanı komandanın oyununda müəyyən boşluqlar yaradır.
Hakim amili də diqqətdən kənarda qalmamalıdı. Oyunu Rauf Cabbarov idarə edəcək. O, indiyədək “Neftçi” ilə “Sabah” arasındakı iki oyunda iş başında olub:

07.12.2019. “Sabah” - “Neftçi” 0:2
27.02.2022. “Sabah” - “Neftçi” 0:1

Göründüyü kimi, “Neftçi” Cabbarovun idarə etdiyi hər iki oyunda səfərdə qələbə qazanıb. “Neftçi”nin düşərgəsində itki yoxdu. Bütün futbolçular meydana çıxmağa hazırdı. “Sabah”da isə Xəyal Əliyev və Stiv Solvet ilə bağlı problem var. Klubun mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, hər iki futbolçunun durumunda qeyri-müəyyənlik mövcuddu. Bununla belə, Xəyal artıq bərpa olunub və yaxın günlərdə heyətə qoşula bilər.

Bəs mütəxəssis bu görüş barədə nə düşünür? Komandaların üstün tərəfləri nələrdi, nəticə ilə bağlı proqnoz necədi? Futbol veteranı Vidadi Rzayevin fikrini öyrəndik:

“İlk növbədə hər iki komandaya uğurlar arzulayıram. Məlumdu ki, “Sabah” ölkəmizi Çempionlar Liqasında təmsil edir. Hazırda Valdas Dambrauskasın formalaşdırdığı heyət mövcuddu. Komandanın qarşıda çox sıx qrafiki var. Bəzi futbolçular milli komandalarının düşərgəsindən yeni dönüb, qarşıda “Slaviya” ilə görüş var. Guman ki, baş məşqçi rotasiyalar edəcək. Amma bu, “Sabah”ın məğlub olacağı mənasına gəlmir. Könül istərdi ki, “Neftçi” qalib gəlsin. Ölkəmizin flaqmanıdı. Lakin “Sabah”ın çox geniş heyəti var. Ehtiyat skamyasında oturan futbolçular da kifayət qədər təcrübəli və hazırdı. “Neftçi”nin əsas heyəti hələ tam formalaşmayıb. Bu səbəbdən, məncə, üstün tərəf qrafiki sıx olsa da, “Sabah”dı.  Praqnoz verməyi sevmirəm. Bir çox jurnalist millimizin Lixteynşteynlə görüşdə böyükhesablı qələbə qazanacağını söyləyirdi. Lakin oyun 0:0 hesabıyla başa çatdı. Futbolun gözəlliyi budu. Proqnoz vermək mümkün deyil”.

İSRAYIL XEYRULLAYEV