Premyer-liqada mövsümün əvvəlinin sürpriz komandalarından biri “Brayton”du.
5 turdan sonra 10 xalla 3-cü pillədə qərarlaşan “qağayılar” sentyabrı əla keçirməsi sayəsində bütün mükafatları belə desək, silib-süpürdü. Paskal Qross ayın ən yaxşı futbolçusu, Lüis Dank ayın ən yaxşı qolunun müəllifi, Fabian Hürtseler isə ayın ən yaxşı baş məşqçisi seçildi!
Bu, premyer-liqada hər üç mükafatın eyni kluba qismət olduğu 5-ci haldı. Daha öncə bu qeyri-adi uğuru “Bornmut” (2025 yanvar), “Mançester Yunayted” (2023 noyabr), “Nyukasl” (2022 oktyabr) və “Çelsi” (2016 noyabr) yaşamışdı. “Brayton” sentyabrda Hürtselerin başçılığı altında keçirdiyi 3 premyer-liqa matçından 2 qələbə, 1 heç-heçə ilə ayrıldı. Bu oyunlarda +8 top fərqi yaxalayan “ağ-göylər” hətta son çempion “Arsenal”ı da darmadağın etdilər. Hürtseler səsvermədə “Liverpul”lu Andoni İraola və “Mançester Siti”li Entso Mareskanı qabaqladı.
Yeri gəlmişkən, almaniyalı mütəxəssis İngiltərə karyerasında ikinci dəfə ayın məşqçisi adına layiq görülür. O daha öncə bu mükafatı 2024-ün avqustunda qazanmışdı. Ən maraqlısı isə odu ki, Hürtselerin cəmi 33 yaşı var. Ayın ən yaxşı oyunçusu seçilən Paskal Qrossun 35 yaşı var. Təcrübəli yarımmüdafiəçi bu 3 qarşılaşmada hesabına 2 qol, 3 məhsuldar ötürmə yazıb. Premyer-liqa tarixində cəmi 5 futbolçu ayın futbolçusu seçilərkən Qrossdan yaşlı olub. Söhbət Stüart Pirs (“Vest Hem”, 38 yaş 10 ay), Teddi Şeringem (“Portsmut”, 38 yaş 6 ay), Kriştiano Ronaldo (“Mançester Yunayted”, 37 yaş 2 ay), Canfranko Zola (“Çelsi”, 36 yaş 3 ay) və Pol Skoulzdan (“Mançester Yunyted”, 35 yaş 9 ay) gedir. Ayın ən yaxşı qolunun müəllifi Lüis Dankın isə 34 yaşı var. Belə desək, bayramdan-bayrama fərqlənən bu futbolçu 2024-ün fevralından bəri, yəni son 2,5 ildə cəmi 2-ci qolunu vurdu. Buna baxmayaraq, belə yaddaqalan bir mükafatın sahibi oldu.
Yaş məsələsini hər dəfə elə-belə qabartmırıq. Belə çıxır ki, 33 yaşlı Hürtseler digər mükafatları qazanan hər iki futbolçusundan daha gəncdi!
“Brayton”un sentyabrda zədə üzündən Kaora Mitoma, Yankuba Minteh və Cek Hinşelvud kimi aparıcı futbolçularının xidmətindən yararlana bilmədiyini nəzərə alsaq, bu komandanın ən azı qarşıdakı həftələrdə də yuxarı pillələrdə qərarlaşacağını proqnozlaşdırmaq olar.
Ayın ən yaxşı məşqçisi mükafat qazanan futbolçularından daha gəncdi
Dünya futbolu






