Vlahoviçin sabiq komanda yoldaşı onun top səviyyəli futbolçu olmadığını düşünür!

8.10.2026 00:05 180
Dünya futbolu
Türkiyədə ''Kasımpaşa'', ''Fatih Karagümrük'' və ''İğdır''da forma geymiş, hazırda Lüksemburq təmsilçisi ''Ştrassen''in şərəfini qoruyan Valentin Esserik Duşan Vlahoviç ilə bağlı diqqətçəkən acıqlamalar verib.

34 yaşlı fransalı futbolçu Türkiyəyə gəlməmişdən öncə ''Fiorentina''da Vlahoviç ilə komanda yoldaşı olub. Serbiyalı ulduz bilindiyi kimi bu yay ''Yuventus''dan ayrılaraq ''Beşiktaş''a yollanmağa üstünlük verdi. Esserikin fikrincə, Vlahoviç dünya səviyyəli forvard deyil:

''İlk parladığı mövsümdə 26-27 qol vurdu və hamı onun yeni İbrahimoviç olduğunu düşünməyə başladı. Çünki fiziki cəhətdən bənzəyirdilər. Amma zaman göstərdi ki, Vlahoviç İbrahimoviç deyil. Məncə, o, ''Barselona''da və ya premyer-liqanın üst səviyyəli komandalarında oynayacaq futbolçu deyil. Gəlin, açıq danışaq. Düzdü, yaxşı futbolçudu. Amma top səviyyənin oyunçusu deyil. ''Yuventus''da oynaya bilmək üçün ya Del Pyero olmalısan, ya da mövsümə 20-30 qol vurmağı bacarmalısan. Türkiyəyə yollanması onun üçün yaxşı qərardı. Orda ''Qalatasaray'' və ''Fənərbaxça'' digər klublardan bir baş üstündü. Amma İstanbul nəhəngləri məsələn, A seriyasında heç vaxt çempion ola bilməzlər''.