Xaybullayevə “qırmızı” düşürdü, ya yox?

7.10.2026 13:56 288
Ölkə futbolu
Litva yığmasının baş məşqçisi Edqaras Yankauskas oyunsonrakı mətbuat konfransında Portuqaliyadan olan hakimlər briqadasının idarəçiliyindən, xüsusən də VAR-da əyləşənlərdən narazılıq etdi.

Biz isə referi Qustavo Korreyyanın və briqadasının işini dəyərləndirməsi üçün Fariz Yusifovla əlaqə saxladıq:

“Xaybullayevlə bağlı epizoddan danışsam, açığı, həmin müdaxiləni bir neçə, fərqli rakursdan göstərdilər. Orda müəyyən toxunuş hiss olunur. Amma Doljnikov əvvəlcə addım atır, ondan sonra yıxılır. Diqqətlə baxanda bunu görmək mümkündü. Fikrimcə, hakimin qərarı düzgün idi. Epizod simulyasiyaya daha çox oxşayırdı. Buna görə də Abdullaya göstərilən ikinci sarı vərəqənin ləğvini doğru hesab edirəm. Ümumi götürəndə bərabər səviyyəli oyun oldu. Yaxşı ki, komandamız qolu vura bildi. Hakimin bizə xüsusi simpatiyasının olduğunu deməzdim. Belə bir şey hiss etmədim. Amma yenə deyirəm, ikinci sarı vərəqənin ləğvi düzgün qərar idi. Aydın görünürdü ki, Abdullanın həmin toxunuşu yıxılmaq üçün əsas vermir. Fikir verin, oyunçu iki addım atandan sonra yerə yıxılır. Mən belə bir toxunuşdan sonra futbolçunun yıxıldığını çox görməmişəm. Ona görə də hakimin simulyasiya qərarını tam dəstəkləyirəm. Bəli, məncə, bu, 100 faiz simulyasiya idi.

Sarı vərəqələrə gəlincə, həm bizim, həm də rəqib komandanın futbolçuları cəzalandı. Yəni hakim çalışırdı ki, bitərəf olsun. Bu baxımdan ciddi narazılığım yoxdu. Portuqaliya kimi böyük futbol ölkəsindən olan hakimlər bizim kimi yığmaların oyunlarında heç vaxt özlərini ələ verməzlər. Bunu da bilmək lazımdı. Ümumilikdə idarəçilik yaxşı idi”.

İSRAYIL XEYRULLAYEV