"Futbolçularımız Avropadakı oyunçulardan bütün cəhətlərdə geri qalır" - Ruy Jorje

6.10.2026 19:17 90
Ölkə futbolu / Manşet
U-20 millimiz Qəbələ şəhər stadionunda keçirilən yoxlama matçında Yaponiyanı penaltilər seriyasında məğlub etdi.

Oyundan sonra yığmamızın baş məşqçisi Ruy Jorjenin iştirakı ilə mətbuat konfransı keçirildi.

- Bir çox futbolçuda fiziki baxımdan çatışmazlıq hiss olundu. Əksər təkbətək mübarizələrdə uduzdular. Bəllidi ki, bu, nə AFFA-nın, nə də futbolçuların günahıdı. Məsuliyyət klubların üzərindədi. Siz necə düşünürsüz?
- Yolun başlanğıcındayıq. Futbolçuların formada olmaması normaldı. Bu səbəbdən, heyətdə dəyişikliklər etdik. Çünki 90 dəqiqə ərzində oynaya bilməzdilər. Oyunçulardan tələb etdiyim intensivlik böyükdü. Düşünürəm ki, oyunların sonunda yorğun olmaları normaldı.

- Bəs, oyunçuların klublarında daha çox şans qazanması üçün baş məşqçiləri ilə söhbət aparılmalıdımı? Bu gün rəqibin heyətində çıxış edən oyunçuların çoxu məxsus olduğu komandalarda şans qazanırlar...
- Baş məşqçilərin işinə müdaxilə edə bilmərəm. Futbolçular keyfiyyətlidisə, şans qazanacaqlar. Bizim futbolçuların çoxu əvəzedici liqalarda, U-19 komandalarında çıxış edir. Şikayət etməklə iş düzəlmir. Onlar şans qazanmağı haqq etməlidi.

- Maraqlıdı, haqq edirlərmi?
- Bəli, bəzi futbolçuların əsas komandada çıxış etmək üçün potensialı var. Ancaq indi elə dövrdü ki, özlərini yaxşı tərəfdən göstərməli, bunu baş məşqçilərinə sübut etməlidilər.

- Moldova ilə oyunda müdafiə xəttində kobud səhvlər var idi. Ancaq bu gün həmin səhvlərə yol verilmədi. Qısa müddətdə nəyi dəyişdiz?
- İlk matçda çox səhvimizin olduğunu düşünmürəm. Məncə, hücum xəttində səhvlər etdik və rəqib bundan yararlandı, hesabı açdı. Əlbəttə, iki oyunu müqayisə etsək, birinci oyunda daha çox səhv var idi.

- Düzdü, millimiz qol buraxmadı, amma həm də qol vura bilmədi. Sizi qol buraxmamaq daha çox sevindirdi, yoxsa qol vura bilməmək daha çox məyus etdi?
- Əslində, nəticə məni qane etdi. Oyunçulara demişəm ki, oyun planı alınmaya bilər. Qorxmayın. İstər hücumda, istərsə də müdafiə xəttində cəsarətli olmaq lazımdı.

- Bura gələndə Azərbaycan futbolu haqda hansı fikirlərlə gəlmişdiz? Və indi nə düşünürsüz? Həmçinin, sizi tam qane edən futbolçuların adını çəksəz, sevinərik.
- Etiraf edim ki, indi fərqli düşünürəm. Vəziyyətə daha çox bələdəm. Oyunçuların keyfiyyəti var. Ancaq Avropa səviyyəsində deyillər. Onu deyim ki, futbol kollektiv oyundu. Ancaq bəzi futbolçular var ki, daha çox özünü düşünür. Oyunçular meydanda komanda haqda düşünməlidi, şəxsi maraqlarını kənara qoymalıdı. Ad çəkməyi xoşlamıram. Onu deyim ki, hər birinin işindən razıyam. Məşqdə, oyunda, oteldə özlərini çox yaxşı aparırlar. Hamımız kimin özünü yaxşı tərəfdən göstərdiyini görürük. Keyfiyyətli oyunçular, böyük işlər görən futbolçular var. Onlar millidə keçirdiyi hər dəqiqəni haqq edirlər. Mənim məqsədim isə onları daha yaxşı futbolçu etməkdi. Yığmanı ürəkdən istəyənlər mənim tərəfimdən həmişə dəvət alacaqlar.

- Həbibin meydanda olması və penaltiləri dəf etməsi təsadüf idi? Yoxsa bu oyunda məhz ona güvənirdiz?
- Başqa qapıçılar əvvəlki oyunlarda şans qazanmışdı. Bu səbəbdən bu dəfə Həbibə şans verdik. Başqa səbəb yoxdu.

- Azərbaycanda keyfiyyətli oyunçuların olduğunu dediz. Ancaq həmin gənclər 15-16 yaşa kimi demək olar ki, təbii ot örtüklü meydança görmür. Sizcə, onlar Avropada olsa, böyük uğurlar qazana bilərdilərmi?
- Bunu demək çətindi. Ancaq şərait, meydança amili, infrastruktur futbolçuların inkişafında əhəmiyyətli rol oynayır. Hər zaman daha yaxşısını etmək üçün imkan var. Çünki həm də işə yanaşma tərzi önəmlidi.

- Növbəti təlim-məşq toplanışlarında komandanın potensialı daha neçə faiz arta bilər?
- Deyə bilmərəm. Bir şeyi bilmək lazımdı ki, hazırda dünya çempionatına layiqli şəkildə vəsiqə qazanan millilərdən çox geridəyik. Bu məqamı yaddan çıxarmaq olmaz. Unutmayaq ki, bu turnirdə ev sahibi ölkə kimi olacağıq. Amma elə millilər var ki, dümya çempionatına əmək sərf edərək vəsiqə qazanıblar. İndi problemləri azaltmağa çalışırıq. Ancaq buna hansı dərəcədə nail olacağımızı bilmirəm. Məsələn, bu gün penaltilər seriyasında qələbə qazandıq. İş ondadı ki, Yaponiya millisi dünya çempionatına əziyyət çəkərək vəsiqə qazanıb və bu oyuna əsas oyunçularının çoxunu gətirə bilməmişdi.

- Millidə başqa futbolçuları da görə bilərikmi? İzlədiyiniz, bəyəndiyimiz oyunçular varmı?
- İndiki durumda bəyəndiyim bütün futbolçuları dəvət etmişəm. Bəzi oyunçular isə FİFA-nın qaydalarına görə, yaş, il söhbəti üzündən kənarda qalıb. Milli elə qapıdı ki, daim açıqdı.

- Bu yığmaya U-21 millisindən futbolçuların dəvət ediləcəyini demişdiz. Neçə oyunçu gələcək?
- Rəşad Eyyubovla söhbət edəndə dedi ki, Hikmət Cəbrayılovu sərəncamında görmək istəyir. Bu səbəbdən, onu dəvət edə bilmədim. Bu sırada başqa futbolçular da var. Növbəti təlim-məşq toplanışlarında həmin oyunçular da ola bilər.

- Əli Bəşirov haqda düşüncələriniz necədi?
- O, çox bacarıqlı futbolçudu. İspaniyadakı, Portuqaliyadakı həmyaşıdlarından geri qalmır. İlk gündən öz oyunu ilə bunu nümayiş etdirib. Bu üzdən, bütün toplanışlara dəvət alıb. Başqa futbolçular da öz üzərində daha çox çalışmalıdı.

- Növbəti toplanışa qədər futbolçuları stadiondan izləmək haqda düşünürsüzmü? Bu barədə Ayxan Abbasovla danışırsızmı?
- Bura gəldiyim ilk gündən bütün oyunlara getməyə çalışıram. Həm mən, həm də köməkçilərim istər oyunları, istərsə də məşqləri daim izləyirik. Bu, bizim işimizin bir hissəsidi. Ayxan Abbasovla isə bu barədə söhbətimiz olmayıb.

- Futbolçularımız Avropadakı oyunçulardan nədə geri qalırlar?
- Bütün cəhətlərdə... Biz daha çox inkişaf etməliyik. Hansı səviyyədə komandalarla qarşılaşacağımızı bilirik. Əzmkar çalışmalıyıq ki, onların səviyyəsinə yaxınlaşa bilək.

- Klublardan kiminsə xahişi ilə milliyə futbolçu dəvət etmisiz?
- Yox (gülür).

- Maraqlıdı, biz hardan başlamalıyıq ki, Avropa komandaları ilə ayaqlaşa bilək?
- Çox dərin sualdı. Bu suala indi uzun-uzun cavab verə bilməyəcəm. Hər şey kütləvilikdən asılıdı. Məsələn, Azərbaycan cüdoda Portuqaliyadan güclüdü, ancaq futbolda yox. Yatırımlar etmək, birlik olmaq lazımdı.

- Bəs, bu barədə AFFA ilə danışıqlar olubmu? Federasiya bu mövzuda maraqlıdımı?
- 5 aydı ki, Azərbaycandayam. Bu mövzuda tutarlı danışa bilmək üçün burda daha çox olmalıyam. İnkişaf etmək üçün nədə pis olduğunuzu tapmalı və həmin problemi aradan qaldırmalısız.

- Dediz ki, hər şey pisdi...
- Mən sadəcə bildirdim ki, Avropa komandaları daha üstündü.

- Əsas millimizin baş məşqçisi Ayxan Abbasov demişdi ki, yığma üzvlərinə ötürmə etməyi mən öyrətməli deyiləm. Siz necə düşünürsüz?
- Başqa məşqçilər haqda danışmağı xoşlamıram. Özüm haqda onu deyim ki, çalışdığım yaş qrupunda ötürmələrlə bağlı səhvləri aradan qaldırmalıyıq. Bu, mənim işimin bir hissəsidi.

KƏNAN BAHADIR