"Şəfa" Misli premyer-liqasının 2-ci tur matçında "Qəbələ"ni məğlub etdi - 1:0.
"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Zaur Həşimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.
- Şükürlər olsun ki, ilk üç xalımızı qazandıq. Özü də bunu Qəbələ səfərində etdik. Hamımız bilirik ki, burda oynamaq çətindi. Rəqib də yaxşı komandadı. Buranın havası elədi ki, futbolçular bir müddət boğulurlar. Amma uşaqlar hər şeyin öhdəsindən gəldilər. Düzdü, zaman-zaman üstünlüyü rəqibə verirdik. Bu da normaldı. Bütün 90 dəqiqə üstünlük bizdə ola bilməzdi. Qol epizodlarına da girdik. Rəqibin də şansları var idi. Nəticədən razı olmaya bilmərəm. Futbolçularımın çıxışından çox razı qaldım. Qələbəni "Şəfa" rəhbərliyinə və bizim üçün Qəbələyə qədər gəlmiş azarkeşlərimizə həsr edirik.
- Komandanızın potensialı nəyə imkan verir?
- Bu mövsüm qarşımıza qoyulan məqsəd premyer-liqada qalmaqdı. Komanda özü gəncdi. Bir neçə ildən sonra geridönüş etmişik. Amma 26 il bundan əvvəlki "Şəfa" ilə indiki arasında hansısa müqayisə aparmaq düzgün deyil. Daha da yaxşı olmalıyıq, güclənməliyik. Bu heyətlə minimum nəticəni əldə edəcəyimizə inanıram.
- Yeni transferlər gözlənilir?
- Yeni transfer olmayacaq. Məsələni bağlamışıq. Güclənmək deyəndə, komandanın özünü deyirdim. Məsələn, bu gün Luiz Felipe əsas heyətdə meydana çıxmışdı. Amma cəmi üçüncü həftədi ki, bizimlədi. Elə futbolçu var ki, ikinci oyun idi birlikdə oynayırdılar. Güclənməli olduğumuzu deyəndə, həm fiziki cəhətdən, həm də futbolçuların anlaşması baxımından deyirdim. Ancaq yeni transfer gözlənilmir.
- "Şəfa" fiziki cəhətdən "Qəbələ"dən daha yaxşı göründü. Bu, yay təlim-məşq toplanışının nəticəsidi, yoxsa fiziki cəhətdən güclü olan futbolçuları transfer etmisiz?
- Çalışdıq ki, balans yaradaq. Həm hazır olan futbolçularımız var ki, 90 dəqiqə problemsiz oynaya bilər. Həm də hazırlığı yüksək səviyyədə olmayan futbolçularımız var.
"Bu heyətlə minimum nəticəni əldə edəcəyimizə inanıram" - Zaur Həşimov
Ölkə futbolu / Manşet






