Bakıya 120-dən çox ölkədən azarkeş gəlibmiş

6.10.2026 16:26 18
İdman
Bakıda keçirilən 10-cu, yubiley Azərbaycan “Qran-pri”si bir sıra rekord göstəricilərlə yadda qalıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yaydığı məlumata görə, əcnəbi azarkeşlərin sayı Azərbaycan mərhələsi tarixində ən yüksək göstəriciyə çatıb, satışa çıxarılan bütün biletlər satılıb, yarışı izləmək üçün Bakıya 120-dən çox ölkədən azarkeş gəlib.

Bu il 17 mindən çox əcnəbi azarkeş “Formula-1” yarışını Bakı Şəhər Halqasının tribunalarından canlı izləyib. Bu, “Formula-1”in Bakıda keçirildiyi müddətdə qeydə alınan ən yüksək göstəricidi. “Qran-pri” üçün satışa çıxarılan bütün biletlər satılıb. Dörd gün ərzində ümumilikdə 92 minə yaxın ziyarət qeydə alınıb.

Azərbaycan mərhələsinə marağın coğrafiyası da genişlənməkdədi. “Qran-pri” üçün biletlər 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb. Bu il xüsusilə Çindən gələn azarkeşlərin sayında nəzərəçarpan artım qeydə alınıb.

Artan tələbatı qarşılamaq məqsədilə son üç il ərzində dörd yeni tribuna quraşdırılıb və tribunaların ümumi tutumu 6 mindən çox artırılıb. Bu il “City” tribunasının əlavə olunması ilə ümumi tutum 21 mini ötüb.

Bakı Bulvarında yaradılan əyləncə zonası da böyük maraqla qarşılanıb. Həmin zonanı gündəlik 25 mindən çox azarkeş ziyarət edib. İki gün ərzində keçirilən konsertlər isə ümumilikdə 40 minə yaxın tamaşaçı toplayıb. Mərhələ beynəlxalq medianın da diqqət mərkəzində olub. Yarışı Bakıdan 300-ə yaxın yerli və əcnəbi media nümayəndəsi işıqlandırıb. “Qran-pri” 56 xarici televiziya kanalı və yayın platformasında canlı yayınlanıb.