Xatırlayırsızsa, "Şəki"nin icraçı direktoru Elgün Hüseynov "Football-plus.az"a açıqlamasında ardıcıl böyükhesablı məğlubiyyətlərin səbəbini məşq etmək üçün stadion tapa bilməmələri ilə izah etmişdi. Bildirmişdi ki, futbolçular yalnız oyunlar vaxtı bir araya gələ bilir.
Bəs, bu problemin həlli yönündə hansı addımlar atılır? “Halvaçılar”ın yaxın vaxtda toparlanacağını gözləmək olarmı?
Bu suallarla yenidən Elgün bəyə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Əvvəllər ev oyunlarını keçirdiyimiz Şəki şəhər stadionu MDB Oyunları ilə bağlı bir ildən çox idi təmirə bağlanmışdı. Daha sonra bizə "bu gün, sabah..." deyə-deyə bu yerə kimi gətirdilər. Gənclər və İdman Nazirliyi, xüsusilə Şəki-Zaqatala Regional İdman İdarəsinin rəisi bizi ötən ilin oktyabrından bu ilin avqustuna kimi gözlətdi. Təmir hələ yarımçıqdı. İndi stadionu bizə icarəyə vermək istəyirlər. Bir oyun üçün 750 manat tələb edirlər. Deyirik, bəs, məşqləri harda keçəcəyik? Deyirlər ki, bu, bizə maraqlı deyil. Belə şərtlər isə bizə sərf etmir. Harda görünüb ki, 2-ci liqa klubu bir oyun üçün 750 manat ödəsin? Şərait yaxşı olsa, bəlkə ola bilər. Ancaq bu cür vəziyyətdə olan stadiondan söhbət gedir. Kəsəsi, "Şəki"yə belə problemlər yaradırlar. Biz də bu şərtlərlə ayaqlaşa bilmirik".
KƏNAN BAHADIR






