Çexiya hesabı açdı - YENİLƏNİR

25.09.2026 18:32 45
Ölkə futbolu / Manşet
Ölkəmizin U-21 yığması bu gündən etibarən Avropa çempionatının seçmə mərhələsində B qrupunda mübarizəyə qaldığı yerdə davam edəcək. Qəzetimizin ötən sayında baş məşqçi Rəşad Eyyubovun bu oyunlar üçün 25 futbolçu dəvət etdiyini yazmışdıq.

Xatırladaq ki, siyahıda “Ərzurumspor”da forma şansı qazanmayan Nəriman Axundzadənin də olması futbolsevərlər tərəfindən birmənalı qarşılanmamışdı. Hər halda, olanla ölənə çarə yoxdu deyib, irəliyə baxmağa məcburuq. Çünki yetərincə əhəmiyyətli qarşılaşmalar gəlir və bu ərəfədə millinin təkcə fiziki yox, həm də psixoloji baxımdan hazırlıqlı olması əsas şərtdi.

Yuxarıda da vurğuladığımız kimi, U-21 bu gün növbəti matçını keçirəcək. Komanda Bakıda çexiyalı həmyaşıdları ilə qarşılaşacaq.

Azərbaycan (U-21) – Çexiya (U-21) 0:1
Filip Lissa, 38
Hakimlər: Aaron O'Doud, Darra Kiqan, Şeyn Cerard O'Brayan, Paul Norton (hamısı İrlandiya).
Bakı, “Bank Respublika Arena”. Saat 17.45.

Məlumdu ki, millimiz final mərhələsinə vəsiqə qazanmaq üçün qrup mərhələsini azı ikinci pillədə tamamlamalıdı. Bəli, turnir cədvəlindəki duruma əsasən, yığmanın riyazi cəhətdən şansı var. Ancaq təəssüf ki, reallıq tam fərqlidi. Ona görə ki, komanda əvvəlki oyunlarda heç də yaxşı çıxış etməyib. Başqa sözlə, gələcək üçün ümid verməyib. Bu üzdən, bu gün keçiriləcək oyun da daxil olmaqla qarşıdan gələn matçların əksəriyyəti haqda pozitiv düşünmək çətindi. Axı bu yolda irəliləmək üçün möcüzə baş verməli, daha doğrusu, yığmamız heç olmasa, çexiyalı və şotlandiyalı yaşıdlarını məğlub etməli, həmçinin, bu rəqiblər digər görüşlərdə də uduzmalıdı. Hələ onu demirik ki, söhbət böyükhesablı qələbələrin vacibliyindən gedir. Düzdü, Rəşad Eyyubovun fikrincə, Çexiya B qrupunun ən güclü komandasıdı. Lakin ilk 7 oyunda qol buraxmayan və liderliyini möhkəmləndirən, millimizə iki matçda 9 qol vuran Portuqaliyanı da unutmaq olmaz. O başqa məsələ ki, bu rəqibə qarşı görüşlər artıq geridə qalıb. Hər halda, qarşıdan gələn matçlar yığma üçün böyük ehtimalla yalnız təcrübə xarakteri daşıyacaq. Geridəyiksə, deməli, hələ öyrənəcəyimiz çox şey var və bu görüşlər bizim üçün əla fürsətdi.

İşə elə bu gündən başlamaq yaxşıdı. Çünki ötən ilin oktyabrında Çexiyanın qonağı olan yığmamız səfərdən ağır məğlubiyyətlə (0:5) qayıtmışdı. Komanda “doğma divarlar” arasında daha inamlı oynamalı, özünü ən yaxşı tərəfdən göstərməyə çalışmalıdı. Qətiyyən təslim olmamalıyıq! Çünki hələ qarşıdan Şotlandiya və Cəbəllütariqin U-21 millilərinə qarşı matçlar gəlir. Bu oyunlar, uyğun olaraq, sentyabrın 30-da səfərdə, oktyabrın 6-da isə evdə keçiriləcək.

Bu gün qrupun digər matçında Bolqarıstan Portuqaliyanı qəbul edəcək. Bu görüş saat 19.30-da start götürəcək.

1. Portuqaliya 7 6 1 0 28-0 19
2. Çexiya 7 4 2 1 15-3 14
3. Şotlandiya 8 3 2 3 18-10 11
4. Bolqarıstan 7 3 2 2 7-6 11
5. Azərbaycan 7 1 3 3 5-18 6
6. Cəbəllütariq 8 0 0 0 1-37 0

KƏNAN BAHADIR