Litvalı futbolçular da hakimi tərəfkeşliklə suçladı! - “Bizə qarşı olan kobud müdaxilələrə görə oyunu dayandırmırdı”

6.10.2026 13:58 72
Ölkə futbolu / Manşet
Yığmamızın Litvanı məğlub etdiyi qarşılaşma bu ölkənin mətbuatında da gündəm yaradıb. Matçdan reportajlar hazırlanıb, müxtəlif fikirlər səslənməkdədi. Müzakirələrin mərkəzində isə matçın portuqaliyalı baş hakimi Qustavo Korreyanın idarəçiliyi yer alıb.

"Football-plus.az"ın ənənəvi mətbuat icmalına Litva Futbol Federasiyasının reportajı ilə başlayaq:

“Yığmamızın Millətlər Liqasında üçüncü oyunu uğursuzluqla başa çatdı. Edqaras Yankauskasın komandası səfərdə minimalhesablı məğlubiyyət yaşadı. Əslində oyunun əvvəli hər iki tərəf üçün bərabər başladı. Hansısa komanda əhəmiyyətli ərazi üstünlüyünə malik deyildi. Bir müddət qol vurmaq üçün təhlükəli fürsətlər yaranmadı. Ancaq birinci hissə yarılananda meydan sahibləri hesabı açdı. Ardından Vikintas Slivka yaxşı şans əldə etdi. Lakin onun cəhdini qapıçı yaxın məsafədən dəf etdi. İlk hissədə dəqiq zərbələr olmadı. Bu səbəbdən komandalar fasiləyə Azərbaycanın üstünlüyü ilə yollandı. İkinci yarıda vəziyyət çox dəyişmədi. Hadisələrin əksəriyyəti meydanın ortasında baş verdi. Hər iki komandanın müdafiəçiləri hücumların öhdəsindən gəldi və rəqib üçün yaxşı şansların yaranmasına mane oldu. Matç sona yaxınlaşanda litvalılar rəqibə daha fəal təzyiq göstərməyə, qol şansları yaratmağa başladı. Təəssüf ki, qapıçı onları bütün təhlükələrdən xilas etdi. Nəticədə Azərbaycan millisi qalib gəldi”.

“Sports.lt” “Azərbaycan millisi liderliyi Litvanın əlindən aldı” sərlövhəli yazısında baş hakimin müzakirələrə səbəb olan qərarından da söz açıb:

“Litva millisi Millətlər Liqasının D liqasının 2-ci qrupunda liderliyi qoruya bilmədi. Halbuki yığma bu matçda qələbə qazansa, birinci yeri təmin etmiş olacaqdı, heç-heçə isə təşəbbüsü bizimkilərin əlində saxlayacaqdı. Ancaq Bakıda qonaqların 0:1 hesablı məğlubiyyəti qeydə alındı. Gözlənildiyi kimi, ilk hissədə Azərbaycan daha təhlükəli vəziyyətlər yaratdı və nəhayət, bunların birindən faydalandı. Bəli, bu səbəbdən qapıçı Tomas Şvedkauskası qınayanlar var. Amma onlar bilməlidilər ki, “əlcək sahibi” həm qola qədər, həm də qoldan sonra komandanı təhlükələrdən xilas etdi. Abdulla Xaybullayevin yaxın məsafədən zərbəsini zərərsizləşdirmək isə çətin vəzifə idi. Bununla belə, Litva ikinci hissənin əvvəlində buraxılan qolun əvəzini çıxa bilərdi. Sadəcə, ilk yarıda qol vuran Abdulla bu dəfə sürətli, bəlkə də hesabın bərabərləşməsi ilə nəticələnəcək hücumun qarşısını aldı və ikinci sarı vərəqə ilə üzləşdi. İş ondadı ki, portuqaliyalı hakim Qustavo Korreya epizodu VAR-da yoxlayandan sonra qərarını dəyişdi: azərbaycanlı futbolçunun cəzası ləğv edildi, həmçinin Artur Doljnikov cəzalandırıldı. Hakimin bu qərarı litvalıları uzun müddət oyundan qopardı. Onlar heç cür hadisələrin axarına uyğunlaşa bilmədi. Qonaqlar yalnız sona yaxın özünə gəldi və bir neçə hücuma imza atdı. Bəli, təhlükəli zərbələr oldu. Hətta Armandas Kuçisin qol vurmasına az qalmışdı. Sadəcə, qapıçı ona mane oldu. Final fitindən sonra Kuçis qırmızı vərəqə aldı. Bu məğlubiyyət Litvanın qrup qalibi olmaq şansını əhəmiyyətli dərəcədə azaltdı. Azərbaycan millisi Lixtenşteyni məğlub etməklə hədəfinə çatacaq”.

Litva millisinin futbolçuları da oyun haqda danışıb. “90min.lt” saytına açıqlama verən oyunçular məyus olduqlarını, Bakıda xəyal qırıqlığı yaşadıqlarını bildiriblər.

Moteyus Burba:

“Əsas rəqibə uduzduq. Çox vacib xallar itirdik. Çox üzgünəm. Başqa nə deyə bilərəm ki... Hakim bəzi məqamlarda ədalətli qərarlar qəbul etmədi. Ancaq məğlubiyyətə görə hakimi günahlandırsaq, ən böyük günahkar biz olacağıq”.

Kipras Kajukolovas:

“Oyun çox gərgin keçdi. Ehtiyat oyunçular skamyasında belə boğucu həyəcan var idi. Yaşıl meydanda yaşananları təsəvvür edə bilməzsiz. Keyfiyyətsiz oyun nümayiş etdirdik. Emosional cəhətdən də yaxşı deyildik. Hakimlərlə mübahisələrə girişdik, rəqiblərlə dalaşdıq. Kəsəsi, lazımsız hərəkətlər etdik. Planlarımızı reallaşdırmaq, kombinasiyalarımızı tətbiq etmək üçün daha çox hüzura, rahatlığa ehtiyac var idi. Ancaq işlər yolunda getmədi. Azərbaycanın necə millət olduğunu, hansı futbolu sevdiyini bilirəm. Mən Qazaxıstanda oynayıram. Azərbaycandan fərqli deyillər. Bu oyun başqa cür bitməliydi. Çünki qələbə qazanacağımıza, bu gün qrupun taleyini həll edəcəyimizə çox inanırdıq. İndi hər şeyin yolunda getməsi üçün dua etməliyik. Başıaşağı şəkildə evə dönürük. Ümid edirəm ki, yaşadıqlarımızdan dərs çıxaracağıq və daha enerjili, güclü şəkildə dönəcəyik”.

Tomas Şvedkauskas:

“Oyuna çox gərgin başladıq. Rəqib qol vurandan sonda müdafiə olunmağa üstünlük verdi. Bu ərəfədə təşəbbüsü ələ alsaq da, fürsətlərdən yararlana bilmədik. Yaradıcılıq və tutarlı hücum baxımından qıtlıq idi. Həmçinin rəqib bizi təxribatlara çəkdi. Hakim fit çalanda dayanmırdılar. Ədalət təmsilçisi bizə qarşı olan kobud müdaxilələrə görə oyunu dayandırmırdı. Təəssüf ki, matçın böyük hissəsində rəqibə yox, hakimin qərarlarına vaxt ayırdıq. Meydanda sözün əsl mənasında xaos var idi”.

KƏNAN BAHADIR