Litva yığmamızla bacarmadı, tənqidlərə tuş gəldi - “Milli Bakıda da belə oynasa, “payını alacaq”

29.09.2026 23:15 27
Ölkə futbolu
Litva – Azərbaycan matçı rəqib ölkənin də mətbuatında müzakirələrə yol açıb. Daha dəqiqi, meydan sahiblərinin qələbə qazana bilməməsi yerli medianın narazılığına səbəb olub.

"Football-plus.az" xəbər verir ki, oyundan sonra həm futbolçuların, həm də baş məşqçi Edqaras Yankauskasın səhvləri tənqid edilib. Litva mətbuatında dərc edilən bəzi yazıları diqqətinizə çatdırırıq.

“Sportas.lt”:
“Oyun o qədər də maraqlı keçmədi. Halbuki Lixtenşteyni məğlub edəndən sonra millinin daha istəkli olacağı gözlənilirdi. Litva cəmi bir qol vurdu. Bu da rəqib müdafiəçilərinin kobud səhvi sayəsində təyin edilən penalti sayəsində oldu. Ancaq milli bu dəfə də hesabı qoruya bilmədi. Mahir Emreli dərhal hesabı bərabərləşdirdi və Litvanı sevinməyə qoymadı. Kaş qapıçımız topu ayaqlarının arasından buraxmayaydı... Bundan sonra meydanda xaos yarandı. Az sayda qol imkanı ələ düşdü. Həm Litva, həm də Azərbaycan yığması hücumlarda irəliləyə bilmir, ilişir və dayandırdılar. Budu evdə bir xal. Səfərdə daha çətin olacaq. Millimiz sentyabrın 29-da Andorraya qarşı keçiriləcək yoxlama oyununda səhvlərini düzəltməyə məcburdu”.


“90min.lt”:
“Litva qələbə qazana biləcəyi oyunda xal itirdi. Nəzərə alaq ki, bu rəqiblə növbəti oyun səfərdə olacaq. Deməli, evdə qalib gəlməliydik! İş ondadı ki, təkcə biz yox, futbolçular və baş məşqçi də həm nəticədən, həm də oyun tərzindən narazıdı. Baş məşqçi komandasını tənqid edir. Deyir ki, daha yaxşı oynamalıydılar. Futbolçular isə qəribə şəkildə, yəni onun bunu deməsindən xəbərsiz halda mütəxəssisi təsdiq, səhvlərini etiraf edirlər. Bunu niyə deyirlər? Qınaqlardan xilas olmaq üçün, yoxsa səmimidilər? Bizə elə gəlir ki, hazırda yalnız yığmada debüt edən Adrian Litskunas xoşbəxtdi. Çünki ancaq o komandanın çox yaxşı oynadığını düşünür və səfərdə qələbə qazanacaqlarına ümid edir”.


“Eurofootball.lt”:
“Baş məşqçi Adrian Litskunasla Lukas Mixelbrinki meydandan çıxarandan sonra oyun ritmi pozuldu. Komanda xaosla üzləşdi. Artıq mübarizədə hansısa keyfiyyətdən söhbət gedə bilməzdi. Ciuqas Bartkus sanki hokkey qapıçısıdı. Top yerlə gəlir, ancaq o, əllərini yuxarı qaldırır, sonra əyilir və daha nələr, nələr... Azərbaycanlılar xalı qapıya vurduqları cəmi bir zərbə sayəsində qazandı. Sanki Yankauskas 2-ci hissədə daha çox hesabı qorumağa çalışdı. Görünür, millinin ildən-ilə yalnız xarici görünüşü dəyişir, ancaq içi çürük qalır. Nəticələr hər il daha da pisləşir. Litvanın yeri FİFA-nın reytinqində özünü düzgün şəkildə əks etdirir. Zamanla daha geriyə gedirik. Deyəsən, 5 il sonra həmin reytinqin son üçdəbirində yer alacağıq. Axı hər il daha da pisləşirik. Biz hətta D liqasında da çətinlik çəkirik. Bəxt üzümüzə gülmür. Milli Bakıda da belə oynasa, “payını alacaq”.

KƏNAN BAHADIR