Bildiyiniz kimi, birinci liqa klublarından “Xankəndi” və MOİK ev oyunlarını Xankəndi şəhər stadionunda keçirməyə hazırlaşır. Ancaq Qarabağın faktiki paytaxtı olan şəhərdən heç də xoş xəbərlər gəlmir. Hazırda Xankəndi stadionunda təmir işlərini "Planet Construction" MMC həyata keçirir.
AzFakt.com portalı xəbər verir ki, iki ildi davam edən təmir işlərinə dövlət büdcəsindən "Planet Construction" MMC-yə son dəfə bu ilin iyulun 26-da vəsait ayrılıb. Həmin vəsaitin məbləği 2 milyon 154 min 829 manat olub. Ümumilikdə isə şirkətə 20 milyon manatdan artıq vəsaitin ayrıldığı barədə məlumatlar var. Bəs şirkət bu pula nə edib? Apardığımız araşdırma zamanı məlum oldu ki, dövlətin milyonluq layihəsini həyata keçirən "Planet Construction" MMC-nin sosial şəbəkələrdə heç bir səhifəsi yoxdu. Sosial şəbəkələrdə yayılan məlumatlara görə 2 ildən artıq müddətdə təmir işlərini həyata keçirən "Planet Construction" MMC-nin mütəxəssis bazası da sıfırdı. Belə ki, bu şirkətdə mühəndislərin tez-tez dəyişildiyi bildirilir. Bu faktla şirkətin işçilərinin əmək cədvəlində də tanış olmaq olar.
Şirkətin daha bir yarıtmazlığı isə podratçı təşkilatların da tez-tez dəyişməsidi. İndiyədək stadionda rabitə və elektrik sahəsində iş aparan xeyli sayda təşkilatlar olub. Bu podratçı təşkilatların niyə dəyişildiklərini isə yəqin ki, "Planet Construction" MMC-nin rəhbərliyi daha yaxşı bilər.
Ən ciddi məqamlardan biri də stadionda aparılan bu işlərə Gənclər və İdman Nazirliyinin təhkimçi nümayəndələrinin də biganə olmasıdı. Belə olmasaydı, bir il əvvəl inşa edilən stadionun hündürlü 30 metrə yaxın olan işıqlandırma dirəklərindən (projektorlarından) biri sökülməzdi. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, şirkətin stadionda çalışan işçilərə verdiyi yeməyin keyfiyyəti də ciddi narahatlıq yaradır.
Belə ki, işçilərə 3 dəfə yemək verildiyi bildirilsə də, bu yeməklərin çox keyfiyyətsiz olduğu, şirkət rəhbərliyi və nazirliyin stadionun tikintisinə cəlb edilmiş təhkimçilərinin bu yeməklərin keyfiyyəti ilə maraqlanmadığı deyilir. Düşündürücü məqamlardan daha biri isə Gənclər və İdman Nazirliyinin maddi-texniki təchizat şöbəsinin müdiri Elmir Mehdiyevin Xankəndi şəhər stadionuna etdiyi səfərlər zamanı burda qeyd edilən neqativ işlərə laqeyd yanaşmasıdı.
Elmir Mehdiyev Xankəndi şəhər stadionuna etdiyi çoxsaylı səfərlər zamanı burda iş aparan şirkətin mühəndis heyəti, rabitə və elektrik sahəsində çalışan podratçı təşkilatların tez-tez dəyişilməsi, meydançanı işlıqlandıracaq şimal-qərb dirəyinin nə üçün səhv montaj olunması, eləcə də işçilərin yeməkxanası ilə görünür ki, maraqlanmayıb. Maraqlansaydı, yəqin ki, sadalanan neqativ hallar yaşanmazdı. Qeyd edək ki, "Planet Construction" MMC-nin qanuni təmsilçisi Qafqaz Şirinovdu.
Maraqlıdı ki, adı çəkilən sayt Xankəndi stadionunda aparılan işlərdən narazılıqla bağlı "Planet Construction" MMC-yə və Gənclər və İdman Nazirliyinin maddi-texniki təchizat şöbəsinə ünvanladığı müraciətə cavab ala bilməyib.
Projektorlardan biri sökülüb, fəhlələr yeməkdən narazıdı - Xankəndidə nə baş verir?
Ölkə futbolu






