Arif Əsədov Qurban Qurbanova haqq qazandırdı - "Qarabağ"da çox dəyişiklik oldu"

5.10.2026 11:02 81
Ölkə futbolu / Manşet
Oktyabrın 3-də "Qarabağ"la "Zirə" yoxlama oyununda üz-üzə gəldi. "Azərsun Arena"da keçirilən qarşılaşma ağdamlıların 3:1 hesablı qələbəsi ilə başa çatdı.

Oyundan sonra jurnalistlərin suallarını cavablayan "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov millinin matçları ilə bağlı fasilənin uzun olmasından şikayətləndi:

"Mən burda heç bir müsbət məqam görmürəm. Heyətdə az futbolçu var, normal hazırlaşa bilmirik. Milli komandalara yollanan futbolçular dörd oyun keçirirlər ki, bu da qısa müddət üçün çoxdu. Bu, təkcə bizə deyil, başqa komandalara da təsir edir. Bu, böyük problemdi. Sefas artıq dörd gündü qayıda bilmir. O, yenicə formasını bərpa etməyə başlamışdı. Milli komandalarına yollanan digər futbolçulara da yenidən uyğunlaşmaq üçün daha çox vaxt lazım olacaq".

Həqiqətənmi uzun fasilə premyer-liqa komandaları üçün ciddi çətinlik yaradacaq? Belədə heyətində daha çox milli üzvü olan komandaların çempionatın davamında problemlərlə üzləşəcəyini düşünə bilərikmi?

Bu suallarla təcrübəli mütəxəssis Arif Əsədova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Bəli, belə uzun fasilələr heyətində milli üzvü çox olan komandalara mənfi təsir edə bilər. Çünki futbolçuların çoxu milli komandalara yollandığı üçün baş məşqçilər əziyyət çəkir. Qurban Qurbanovun narahatlığını başa düşürəm. Bu mövsüm "Qarabağ"da çox dəyişiklik oldu. Komandanın formalaşdırılması üçün futbolçuların daha çox birlikdə olması vacib idi. "Sabah" və "Neftçi"də də xeyli milli üzvü var. Ancaq bu məqamın premyer-liqa matçlarına çox ciddi təsir edəcəyini düşünmürəm. Bəlkə də 1-2 tur çətinlik çəkə bilərlər. Sonda millimizi Litva üzərində qazanılan qələbə münasibəti ilə təbrik edirəm".

Xatırladaq ki, premyer-liqada fasilə oktyabrın 9-da keçiriləcək "Araz-Naxçıvan" - "Kəpəz" oyunu ilə başa çatacaq. Şamaxıda keçiriləcək qarşılaşma saat 16.00-da start götürəcək.

KƏNAN BAHADIR