"Oyunumuzu 10 ballıq sistemlə qiymətləndirməli olsaydım..." - Valdas Dambrauskas

19.09.2026 23:40 18
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 6-cı turunda "İmişli"ni qəbul edən "Sabah" 3:1 hesablı qələbə qazanıb.

"Football-plus.az" xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

- Milli komandaların oyunları üçün yaranan fasilədən sonra sizi “Neftçi” ilə çətin oyun gözləyir...
- Milli komandalarına yollanan futbolçulara uğurlar arzulayıram. Ölkəni təmsil etmək böyük şərəfdi və ümid edirəm ki, onlar zədəsiz qayıdacaqlar. Komandada qalan futbolçularla işimizi davam etdirəcəyik. Bu gündən etibarən komandaya bir həftəlik istirahət vermişəm. Qayıtdıqdan sonra çempionatın ikinci hissəsinə hazırlığa başlayacağıq və addım-addım, oyundan-oyuna irəliləyəcəyik. Şəxsi planlarıma gəlincə, Azərbaycanda qalacağam. Ölkənin bölgələrinə səyahət etmək, yeni yerlər görmək və dincəlmək istəyirəm. Üç ay əvvəl işə başladığımızdan qrafikimiz çox gərgin olub. Yay dövründəki oyunumuzu 10 ballıq sistemlə qiymətləndirməli olsaydım, ən yüksək balı verərdim. Bir qədər daha yaxşı oynaya biləcəyimiz yeganə matç “Mançester Yunayted”lə qarşılaşma idi.

- Konkret olaraq Azərbaycanın hansı bölgəsini ziyarət etməyi planlaşdırırsız?
- Artıq planlaşdırmışam və yer də bron etmişəm. Ancaq hara gedəcəyimi sizə deməyəcəyəm.

- Milli komandaların oyunları üçün yaranan fasilədən sonra, oktyabrın 9-da sizi “Neftçi” ilə çox vacib oyun, daha sonra isə Çempionlar Liqasında “Slaviya” (Praqa) ilə qarşılaşma gözləyir. Fasilə zamanı bu rəqibi də təhlil edəcəksiz?
- Bəli, təkcə onları yox. Təqvimə baxsaq, əvvəlcə “Neftçi” ilə, sonra “Slaviya” və “Qəbələ” ilə, ardınca isə Dortmund “Borussiya”sı və “Qarabağ”la oynayacağıq. Çempionlar Liqasına xoş gəlmisiniz! Belə səviyyədə çıxış edirsənsə, bu cür ritmə tab gətirməlisən. Böyük klub olmaq və belə çağırışları qəbul etmək istəyiriksə, bu cür maneələri aşmalı və inkişaf etməliyik.