Ronaldo komanda yoldaşları ilə bağlı tənqidi paylaşıma ''layk'' qoydu

4.10.2026 14:28 144
Dünya futbolu
Kriştiano Ronaldonun baş məşqçidən inciyərək Portuqaliya yığmasının düşərgəsini tərk etməsi gündəm olmaqda davam edir.

Bu arada Ronaldonun Felipe Melonun ona dəstək verən sözlərini ''layk'' etməsi diqqət çəkib. Daha öncə ''Qalatasaray''da da top qovmuş sabiq braziliyalı yarımmüdafiəçi Melo Portuqaliyanın ''Sport TV'' kanalına açıqlamasında diqqətçəkən ifadələr işlədərək yığmanın digər üzvlərini tənqid edib:

''Portuqaliya yığmasındakı futbolçuların Ronaldoya münasibəti ilə Argentina yığmasındakı futbolçuların Lionel Messiyə olan münasibəti arasında çox böyük fərq var. Bəzən mənə elə gəlir ki, Kriştianoya qarşı oynayan rəqiblərin ona olan hörməti komanda yoldaşlarının ona olan hörmətindən daha çoxdu. Hətta danimarkalı Höylunn belə Jorje Jezuşa etirazını bildirdi. Çünki Ronaldo onun idealıdı. Təəssüf ki, Ronaldo öz yığmasında layiq olduğu dəyəri görmür. Bu, qətiyyən doğru deyil. Çünki orda heç kim Ronaldo səviyyəsində deyil. Heç nə olmamış kimi Ronaldonun yığmadan bu cür şəkildə ayrılmasına göz yummaq olmazdı''.

''Sport TV'' Melonun bu sözlərini öz ''instaqram'' səhifəsində paylaşıb. Ən maraqlısı odu ki, bu paylaşıma ''layk'' qoyanlar arasında Ronaldo da olub!