Litva sabah rotasiyalar edə bilər! - bu futbolçular Bakıda

3.10.2026 18:34 36
Ölkə futbolu
Məlum olduğu kimi, sabah yığmamız Millətlər Liqasının D liqasında Litva ilə cavab görüşünə çıxacaq. Səfərdəki ilk oyunda 1:1 hesablı heç-heçə edən komandamız təəssüf ki, ardından Lixtenşteynlə oyunda da xal itirdi.

Millimiz bu nəticələrdən sonra Litva ilə qarşılaşmada qələbə qazanmağa çalışacaq. Buna məcburdu və borcludu?

Bu gün baş məşqçilər mətbuat konfransı keçirib, ardından açıq məşqlər baş tutub.

Azərbaycan millisinin açıq məşqində diqqətçəkən məqam heyətdə itkilərin olmaması idi. Ötən oyunu buraxan, kiçik zədələri olan futbolçular da artıq kollektivlə məşqlərə qoşulub. Onların arasında Renat Dadaşov da var idi. Hücumçu sabahkı qarşılaşmada meydana çıxa bilər.

Litva millisinin heyətində də ilk oyunda görmədiyimiz futbolçuların sabah meydanda olması mümkündü. Belə ki, litvalılar sentyabrın 30-da Andorra ilə yoldaşlıq görüşündə üz-üzə gəlib. Həmin qarşılaşmada baş məşqçi Edqaras Yankauskas geniş rotasiyaya əl atıb, tam fərqli "11-liy"ə şans verib. Andorra ilə oyunda fərqlənən Manfredas Ruzgis, Faustas Steponaviçyus, Jigimentas Baltrunas, həmçinin milli komandada debüt edən Rokas Lekiatas, Deyvidas Maljinskas da Azərbaycanla qarşılaşmada meydana çıxa bilər.

Yankauskasa mətbuat konfransında rotasiya ilə bağlı verdiyimiz suala cavabından da bunu hiss etdik.

İSRAYIL XEYRULLAYEV