Emil Balayev - 5,0
Bəlkə də vəzifəsinin öhdəsindən layiqincə gələn yeganə futbolçu Emil oldu. Düzdü, qonaqlar onun üçün ciddi təhlükə yaratmadı, “çərçivə”yə bir zərbə də getmədi. Lakin qapıçının hazırlıqlı olduğu bəlli idi. Komanda yoldaşları lazım gələndə onu oyuna qoşur, gah da özü mövqeyini tərk edib, hücumların kəskinləşməsinin qarşısını alırdı.
Tellur Mütəllimov - 4,5
Bu dəfə o qədər də hərəkətli görünmədi. Əslində universal futbolçu sayılan müdafiəçi oyun ərzində yerində saydı desək, yanılmarıq. Bəli, bunda Lixtenşteynin tutarlı hücumlar qura bilməməsinin də payı oldu. Sadəcə, Tellur komandasının önə atılmasına yardım etmək haqda da düşünmədi. Odu ki, fasilədə əvəzləndi.
Elvin Bədəlov - 5,5
Təcrübəli müdafiəçi arxa xətdə ayıq-sayığ oynadı. Gələn topları qarşılamaqla yanaşı, öndə qərarlaşan futbolçuları vaxtında gördü və təhlükəli hücumların qurulmasına töhfə verən ötürmələrə imza atdı. Elvin sürətli çıxışı ilə matçda tempin aşağı düşməsinə imkan vermək istəmirdi. Ümumilikdə özünü yaxşı tərəfdən göstərən oyunçular sırasında yer aldı.
Anton Krivotsyuk - 4,5
O qədər də fəal oyunla yadda qalmadı. Onsuz da sürətli olmayan rəqib hücumçulara vaxtında mane olmaqda çətinlik çəkdi. Yorğunluğunu tez büruzə verməsi millinin hücumlarının sürətli inkişafına mənfi təsir göstərdi. O başqa məsələ ki, diqqətli oynamağa səy göstərdi.
Toral Bayramov - 5,0
Toral həmişəki kimi fəal çıxış etdi, sürətində çatışmazlıq hiss olunmadı. Sadəcə, qeyri-dəqiq ötürmələrlə də yadda qaldı. Bəli, istəkli olduğu hiss edilirdi. Ancaq gözlənilən oyunu sərgiləyə bilmədi.
Abdulla Xaybullayev - 5,5
Abdulla vəzifəsinin öhdəsindən layiqincə gəlməyə çalışdı. Xüsusən həlledici məqamlarda özünü yaxşı tərəfdən göstərdi. Kritik müdaxilələrə imza atan futbolçu topun daha çox millimizdə qalması üçün əlindən gələni əsirgəmədi. Amma qapıya son zərbələri bərbad idi.
Emin Mahmudov - 5,0
Kapitan həm müdafiə, həm də hücum xəttində işgüzarlığını nümayiş etdirdi. İş ondadı ki, Emin bu dəfə də əvvəlki oyunlarla müqayisədə daha çoxunu etməyə hazır deyildi. Komanda yoldaşlarının fərqlənməsinə yardım etməyə çalışsa da, nə bu istiqamətdə istəyinə çatdı, nə də öz cəhdləri fayda verdi. Mahmudov bu gün formada deyil!
Rəhim Sadıxov - 5,0
Bəli, o, "Turan Tovuz"un aparıcı futbolçularından biridi. Lakin millidə bacarıqlarını heç cür sərgiləyə bilmir. Lazımsız top itkiləri, kobud müdaxilələr, hadisələrin axarını qiymətləndirə bilməməsi kimi səhvlər futbolçunun fasilədə əvəzlənməsinə səbəb oldu.
Mahir Emreli - 5,5
Heç şübhəsiz, siz də Mahirdən azı bir qol gözləyirdiz. Lakin təcrübəli hücumçu xeyli fürsəti boşa verdi. Gah ayaqla qeyri-dəqiq oynadı, gah başla. Hətta akrobatik zərbə ilə də fərqlənməyə cəhd göstərdi. Təəssüf ki, bu dəfə topu tora qovuşdurmaqda mahir olmadı. Lider olmağa çalışır, amma bacarmır!
Vüsal İsgəndərli - 5,5
Sərt, sürətli, aqressiv və istəkli Vüsal... Bu qədər önəmli xüsusiyyətin qolla tamamlanmaması həddən artıq üzücüdü. Düzdü, bütün futbolçularda qeyri-adi gərginlik hiss edilirdi. Ancaq Vüsal bu təzyiqin altında daha çox əzildi. İlk dəqiqədən başlayaraq qeyri-dəqiq zərbələri sıralayan hücumçu ümidləri puç etdi.
Musa Qurbanlı - 5,0
Onun meydanda olan hücumçularla müqayisədə daha az təcrübəsi var idi. Lakin Musa bu çatışmazlığı hiss etdirməməyə çalışdı. Bəzi epizodlarda məsuliyyəti öz üzərinə götürməkdən çəkinməyən futbolçu bəxtini sınasa da, istəyinə çatmadı. Getdikcə artan təzyiqin qarşısında aciz qalan oyunçu 2-ci hissəyə də uğursuz başladığından əvəzləndi.
Aleksey İsayev - 5,0
İkinci yarının əvvəlində Rəhimin yerinə meydana çıxan futbolçu boşluğu lazımi səviyyədə doldura bilmədi. Aleksey təcrübəli olmasına rəğmən, sanki oyuna uyğunlaşmaqda çətinlik çəkdi.
Rüfət Abbasov - 5,5
Tellurun əvəzinə meydana çıxan futbolçu daha inamlı çıxış sərgilədi. Gənc futbolçu istəyi, əzmkarlığı ilə milliyə maksimum fayda verməyə çalışsa da, alınmadı. Hər epizodun həlledici anında ciddi çatışmazlıqların özünü büruzə verməsi Rüfətin performansını da kölgədə qoydu.
Edqar Adilxanov - 5,0
Bəlkə də Edqar meydana daha tez çıxsa, başqa cür yadda qalacaqdı. Amma tər tökdüyü qısa müddətdə göz oxşaya bilmədi. Vüsal kimi aqressiv futbolçunun ardından meydana çıxan Edqar arzuolunan oyunu göstərməkdə çətinlik çəkdi.
Ayxan Hüseynov - 5,0
Ayxan da özünə geniş meydanda yer tapa bilməyənlərdən oldu. Əlbəttə, ümidləri tükənməkdə olan hər kəs ikinci yarıda rəqibin yorulacağına, millimimizin təzyiqi artıracağına bel bağlayırdı. Ancaq həmin ərəfədə meydana çıxan Ayxan bu mənada ümidləri doğrulda bilmədi.
Rüfət Abdullazadə - 5,0
Rüfət Ayxanla eyni taleyi bölüşdü desək, yanılmarıq. Musanın yerinə meydana çıxan futbolçu nə müdafiədə, nə də hücumda faydalı çıxış etdi. Əksinə, Rüfət və Ayxanın mübarizəyə atılmasından sonra qonaqlar bir çox epizodda təhlükə yarada bildi. Hər halda, burda yalnız Rüfəti, Ayxanı günahlandıra bilmərik. Sadəcə, Rüfət də hadisələrin axarının qurbanlarından birinə çevrildi. Nadir real qol şanslarımızdan birini boşa verdi.
KƏNAN BAHADIR
Yığma üzvlərinin qiymətləndirməsi (10 ballıq şkala ilə)
Ölkə futbolu






