(10 ballıq şkala ilə)
Şahruddin Məhəmmədəliyev – 4,0
Şahruddin ilk dəqiqələrdə etibarlı oynadısa, birinci qoldan sonra ruhdan düşdü. Qolkiper bu dəfə də özünəməxsus səhvləriylə diqqət çəkdi. Əlbəttə, onu meydana çıxmağa peşman edən Lukaku, demək olar ki, qarşısıalınmaz idi. Lakin, bu, “əlcək sahibi”nin günahlarına haqq qazandırmır. Statistika qapıçının “çərçivə”yə gələn 12 zərbədən yeddisini zərərsizləşdirdiyini deyir. Məhz bunu nəzərə alıb Şahruddinə insaflı davranmaq olar.
Elvin Cəfərquliyev – 3,5
Müdafiəçi bir-iki epizodda rəqibin hücumunun qarşısını almağı bacardı. Ümumi təhlil edəndə isə oyun keyfiyyəti aşağı idi. Xüsusilə ötürmələrdəki səhvlər həm milli, həm də “Qarabağ” adına yaraşmadı. “Köhlən atlar”ın heyətində tarix yazanlardan olan futbolçu bacarıqlarını heç cür ortaya qoya bilmədi. Elvin çox zəif təsir bağışladı.
Qismət Aliyev – 3,5
“Zirə”nin yarımmüdafiəçisi ikinci hissədə meydana çıxdı. Futbolçunun performansı göstərdi ki, Belçika ilə matçın məsuliyyətini daşıya bilmir. Demək olar ki, çaş-baş qalmışdı. Sona qədər xeyli qaçsa da, hansısa uğurla yadda qalmadı.
Höccət Haqverdi – 3,0
Birmənalı şəkildə meydanın ən zəiflərindən biri idi. Düzdü, çoxu karyerası heç də parlaq olmayan oyunçudan ciddi nəsə gözləmirdi. Lakin “Neftçi”nin futbolçusu “bu qədər də yox!” dedirtməyi bacardı.
Rahil Məmmədov – 4,0
Bərbad çıxış etdiyini desək, doğru olmaz. Əlindən gələni etdi. Amma Belçikaya qarşı daha çox şey bacarmalıydı. Məsuliyyətli oynasa da, səhvlərdən yayına bilmədi. Daha dəqiq desək, rəqib ona göz açmağa imkan vermədi.
Anton Krivotsyuk – 3,5
Müdafiəçi rəqib futbolçuları qətiyyən üstələyə bilmədi. İsveçlə matçda Bəhlul və Rahilin kölgəsində nəsə bacarmışdısa, bu dəfə heç nə ilə yadda qalmadı. Etibarlı futbolçu kimi ona güvənmək mümkün deyildi. Sanki belçikalılardan çəkinir, irəli atılmağa cəsarət etmirdi.
Toral Bayramov – 4,0
Canni de Byazi yenə ona həm müdafiədə, həm də yarımmüdafiədə güvənmişdi. Ancaq bu dəfə plan baş tutmadı. Toral nə qədər çalışsa da, nə ön xəttə irəliləyə bilir, nə də arxada özünü yaxşı tərəfdən göstərirdi. Daha dəqiq desək, o, üzərinə şığıyan rəqib futbolçuların caynaqlarından xilas ola bilmirdi.
Emin Mahmudov – 4,5
Bəli, bir neçə gün idi kapitanın şəninə təriflər deyilirdi. Deyəsən, bu matç hər şeyin, sadəcə, təsadüfən baş verdiyini ortaya çıxardı. İsveçlə oyunda tarix yazan futbolçu bu dəfə heç nə ilə yadda qalmadı. Onun rəqiblə ikili mübarizələrdən qalib ayrıldığı epizodlar barmaqla sayılası qədərdi. Emin kapitan kimi komandada birlik də yarada bilmədi ki, nəticədə “tək əldən səs çıxmadı”.
Eddi İsrafilov – 2,0
Reallığa qalsa, biabırçı çıxışdan danışmağa belə dəyməz. Söz xətrinə deyək ki, “Neftçi”nin futbolçusu rüsvayçı məğlubiyyətin ən böyük səbəbkarlarından oldu. Komandamızı meydanda azlıqda qoyan səhv üzündən həm də rəqib üçün daha geniş ərazi və boşluqlar yarandı.
Aleksey İsayev – 3,5
Yarımmüdafiəçi hücumların qurulmasında yaxından iştirak edə bilmədi. Çox güman, hesab üzündən yetərincə istəksiz görünürdü. İkinci hissədə daha fərqli çıxış etdi, lakin yenə də matç onun üçün uğursuz sona çatdı.
Coşqun Diniyev – 3,5
İsveçlə matçda var gücüylə çıxış etmiş, qələbədə pay sahibi olmuşdu. Biz məhsuldar ötürmə və ya qol müəllifi olmadığı üçün onu qınamamışdıq. Amma bu dəfə mənfi rəyləri haqq etdi. Görünür, oyunçunun performansı hesabda öndə və ya geridə olmağımızdan asılı deyil. O, ümumiyyətlə, qorxaq futbol oynamaq tərəfdarıdı.
Mahir Emreli – 4,0
Start heyətində meydana çıxan futbolçuya inam çox idi. İlk dəqiqələrdə azarkeşləri sevindirməyə çalışsa da, tez yoruldu. Birinci qoldan sonra isə oyundan tam qopdu. Onun Belçika kimi komandaya qarşı matç üçün formada olmadığı aşkar görünürdü.
Nəriman Axundzadə - 3,5
Gənc futbolçu oyun tərzi baxımından nəinki rəqibdən, komanda yoldaşlarında da geri qaldı. Nəriman ağır təzyiq altında irəliləyən qarşılaşmaya tab gətirə bilmirdi. Odu ki, top ona gəldikdə məsuliyyətdən dərhal yaxa qurtararaq ünvansız ötürmələrdə yadda qaldı.
Renat Dadaşov – 3,5
Qısa müddətdə türkiyəli azarkeşlərin inamını qazanan oyunçu İsveçlə görüşdə də özünü yaxşı tərəfdən göstərmişdi. Bu dəfə isə heç nə alınmadı. Nə ikili mübarizələrdə, nə də ötürmələrdə effektiv oldu. Əvəzlənərkən üzündən yağan məyusluqdan anlaşılırdı ki, bunu onun özü də dərk edir.
Rüstəm Əhmədzadə - 3,0
Dinamik oyuna uyğun çıxış etmədi. Başda çox qaçsa da, sona yaxın yorğun olduğu bəlli idi. O da komanda yoldaşları kimi sanki oyunun başa çatmasını gözləyirdi ki, fərq daha da artmasın.
Elvin Camalov – qiymətsiz
KƏNAN BAHADIR