Millətlər Liqası, 2026/27 mövsümünün seçmə turniri
D liqası, 2-ci qrup, 3-cü tur
Azərbaycan – Lixtenşteyn 0:0
1. Emil Balayev
7. Toral Bayramov
5. Anton Krivotsyuk
14. Elvin Bədəlov
19. Tellur Mütəllimov
(3. Rüfət Abbasov, 46)
8. Emin Mahmudov (k)
(11. Ayxan Hüseynov, 59)
6. Abdulla Xaybullayev
17. Vüsal İsgəndərli
(2. Edqar Adilxanov, 75)
21. Rəhim Sadıxov
(20. Aleksey İsayev, 46)
10. Mahir Emreli
9. Musa Qurbanlı
(16. Rüfət Abdullazadə, 59)
Ehtiyat oyunçular
12. Aydın Bayramov
23. Rəvan Mirzəmmədov
4. Oruc Məmmədov
18. Cəlal Hüseynov
13. Emil Səfərov
15. Murad Xaçayev
22. Anatoli Nuriyev
Baş məşqçi: Ayxan Abbasov
1. Benyamin Buxel
23. Yens Hofer
3. Maks Höppel
4. Lars Traber
5. Yonas Veyssenhofer
20. Alessio Hasler
(19. Emanuel Syund, 77)
10. Marsel Buxel
(6. Severin Şlegel, 90+2)
18. Nikolas Hasler (k)
13. Kenni Kindl
(7. Fabio Luke-Notaro, 46)
11. Alessandro Lo Russo
(22. Florian Allqoyer, 60)
8. Aron Zele
(15. Andrin Netser, 77)
Ehtiyat oyunçular
12. Castin Ospelt
21. Lorentso Lo Russo
2. Niklas Bek
14. Livio Mayer
17. Liam Krants
9. Villiam Pitsi
16. Bruno Poytner
Baş məşqçi: Konrad Fyunfştyuk
Vərəqələr: K.Kindl, 40. L.Traber, 41. A.Hasler, 47. M.Emreli, 57. T.Bayramov, 80 – sarı.
Hakimlər: KRİSTİAN-PETRU ÇOKİRKA, Maksimilian Veyss, Martin Obritsberger, Şəfək Barmaksız (hamısı Avstriya).
VAR hakimi: Manuel Şuttenqruber (Avstriya).
VAR hakiminin köməkçisi: Aleksander Harkam (Avstriya).
Hakim-inspektor: Radek Prihoda (Çexiya).
UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan).
1 oktyabr. Bakı. Tofiq Bərhamov adına Respublika stadionu. 4200 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
oyunun statistikası
26 (6) qapıya (“çərçivə”yə) zərbə 4 (0)
6 künc zərbəsi 0
2 ofsayd 0
7 qayda pozuntusu 16
70 topa sahibolma (faizlə) 30
Təbii ki, hakimin start fiti səslənən kimi meydan sahibləri təşəbbüsü ələ almağa çalışdı. Artıq 37-ci saniyədə Mahirin ötürməsindən sonra Vüsal fərqlənə bilərdi, ancaq müdafiəçiyə dəyən top meydanı tərk etdi. Yığmamız erkən qol vurmağa çalışırdı. Çünki belə oyunlarda qolsuz keçən hər dəqiqə zəif komandada özünəinam, meydandan yaxşı nəticə ilə ayrıla biləcəyinə ümid yaradır. Hər halda, qonaqlar 10-cu dəqiqəyə qədər səliqəli müdafiə olundu və yalnız bir dəfə meydanın yığmamıza aid hissəsinə keçdi.
13-cü dəqiqədə Mahirlə Vüsal yenə yaxşı anlaşdı. Ancaq topu cərimə meydançasında qəbul edən İsgəndərli dəqiq zərbə vura bilmədi. Elə həmin Vüsal 17-ci dəqiqədə penalti nöqtəsi yaxınlığında daha səliqəli davransaydı, hesabı açacaqdı. 19-cu dəqiqədə də qola yaxın olduq. Toralın sol cinahdan ötürməsindən sonra Mahir topa akrobatik zərbə vurdu, sadəcə, “çərçivə”yə düşə bilmədi. 21-ci dəqiqədə rəqibin səhvindən sonra topu ələ keçirən Mahir özü zərbə vurmaq əvəzinə Musaya ötürmə verdi ki, o da bunu gözləmirdi. Ümumiyyətlə, oyun yığmamızın üstünlüyü şəraitində keçsə də, son və həlledici zərbə çatışmırdı. Həm də futbolçuların hərəkətlərində müəyyən tələskənlik hiss olunurdu. 29-cu dəqiqədə Tellurun iti bucaq altından zərbəsini də qapıçı dəf etdi. 35-ci dəqiqədə Musanın təhlükəli zərbəsi zamanı da qapıçı yerində idi. 43-cü dəqiqədə yığmamız daha bir gözəl hücum qurdu və qapı önünə çıxan Mahir elə şansı boşa verdi ki, heyrətlənməkdən başqa yolumuz qalmadı. Bu reallığı qəbul etmək nə qədər çətin olsa da, komandalar fasiləyə qolsuz bərabərliklə yollandı.
Maraqlı idi, görəsən, Ayxan Abbasov 2-ci hissədə nəyi dəyişəcəkdi? Belə məlum oldu ki, Rüfət Abbasovla Aleksey İsayev mübarizəyə qoşulur, Tellur Mütəllimovla Rəhim Sadıxov meydandan ayrılır. Dəyişikliklər müəyyən taktiki düzəlişlərə də səbəb oldu. 47-ci dəqiqədə Mahir daha bir şansı qaçırdı. 54-cü dəqiqədə Musa cərimə meydançasına daxil olmaq istəyərkən Hofer topun qarşısını əllə aldı. Amma Emin Mahmudov cərimə meydançasının qövsü üzərindən çox uğursuz zərbə vurdu. Hesabın açılmadığını görən Ayxan bəy saatın tamamında daha iki dəyişikliyə əl atdı – Ayxanla Rüfəti “döyüşə atdı”. Açığı, bəzən elə imkanlar qaçırılırdı ki... 65-ci dəqiqədə Mahir qapıya daha bir zərbə vurdu, qapıçıdan dönən topu isə Abdulla yöndəmsiz zərbə ilə tamamladı. Bu anda yadıma onun Kaunasda qaçırdığı real qol şansı düşdü. 73-cü dəqiqədə Rüfət Abdullazadə əlverişli mövqedən “çərçivə”yə düşə bilmədi. Legioner futbolçu belə zərbə vuranda adamın matı-qutu quruyur.
Bir sözlə, dəqiqələr irəliləyir, hesab açılmadığından oyunu stadiondan və televizordan izləyən azarkeşləri həyəcan basırdı. Və həyəcanlanmaq üçün əsas var imiş. Ona görə ki, bu yığma, bu futbolçular, sadəcə, qol vurmağı bacarmır. Qol vurmağı bacarmayan komanda qalib gələ, deməli, həm də yüksək hədəflər uğrunda mübarizə apara bilməz. Əlbəttə, mən azərbaycanlı futbolsevərlərin nə vaxtsa Avropa və dünya çempionatında oynamaqla bağlı kövrək ümidlərini başa düşürəm. Vallah, dəyməz!
Bu ölkədə yığmadan nəticə gözləməyə, azarkeşlərin üzünü güldürəcəyinə, stadiondan evə xoşbəxt yola salacağına ümid etməyə dəyməz! 211 komandanın yer aldığı FİFA reytinqinin 206-cı pilləsində qərarlaşan bir “cırtdan”a qalib gələ bilməyən komandanın futbolçuları və baş məşqçisi azarkeşləri hansı üzlə stadiona çağırır? Yəni heç utanmırlar, xəcalət çəkmirlər, vicdanları sızıldamır? Mənə elə gəlir ki, sızıldamır!
Nə qədər acı olsa da, futbolumuz yığma səviyyəsində 2008-ci ildə qalıb. Onda dünya çempionatının seçmə oyununda Bakıda Lixtenşteynin qapısına yol tapa bilməmişdik. Üstündən 18 il ötəndən sonra “cırtdan” bizi növbəti dəfə cəzalandırdı. Nə demək olar? Sadəcə, ayıb olsun! Belə yığma ölkəyə və millətə üz qarasından başqa bir şey deyil. Çox güman, bunu Ayxan Abbasov və futbolçuları da anlayır. Anlayır, amma nəticə çıxarmırlarsa, bu da böyük ayıbdı.
Sırf turnir perspekivlərinə gəlincə, artıq Bakıda Litvanı, səfərdə Lixtenşteyni məğlub etməkdən başqa yolumuz yoxdu.
1. Litva 2 1 1 0 3-1 4
2. Azərbaycan 2 0 2 0 1-1 2
3. Lixtenşteyn 2 0 1 1 0-2 1
ORXAN
Daha bir rəzalət: dünyanın 206-cı komandasıyla bacarmadıq!
Reportaj






