Son günlər adı yenə sosial şəbəkələrin və mətbuatın bəzəyinə çevrilən Kriştiano Ronaldo haqda yazıya məhz bu cümlə ilə başlamaq, yəqin ki, ən doğru variantdı. Tək öz dönəminə yox, həm də futbol tarixinə (artıqlaması ilə) damğa vuran portuqaliyalı superulduz bəlkə də DÇ-2026-dan sonra yığma karyerasını bitirməliydi. Onun inadkarlığının sonu heç də yaxşı bitmədi...
O, son 18 ildə belə aqibətlə üzləşməmişdi
Maraqlıdı ki, Kriştiano yaydakı mundialın ardından ciddi şəkildə beynəlxalq karyerasını bitirmək barədə düşünmüşdü və onu bu fikrindən sonradan düşməninə çevriləcək yığmanın yeni baş məşçqisi Jorje Jezuşla Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa daşındırdı. İlk baxışdan düşünmək olardı ki, Jezuşun təyinatı ən çox elə Ronaldonun işinə yarayacaq. Çünki onlar ötən mövsüm Səudiyyə Ərəbistanında “əl-ələ verərək” “Əl-Nəssr”i çempion etmişdilər. Jezuşun sentyabrın 18-də səsləndirdiyi “keçmişdəki nailiyyətlər məni maraqlandırmır, tələblərimə cavab verən futbolçu oynayacaq, cavab verməyən isə oynamayacaq” fikrinə o vaxt çox da əhəmiyyət verən olmamışdı. Amma ünlü və nüfuzlu mütəxəssis həqiqətən də sözünün ağası olduğunu göstərdi.
Bu Millətlər Liqasında Uelsə qarşı debüt oyununda heç bir problem gözə dəymədi. Ronaldo start heyətində meydana çıxdı və 67 dəqiqə oyunda qaldı. Hətta oyundan sonra “ilk addım atıldı, irəli Portuqaliya” paylaşımını da etdi. Norveçlə ikinci oyundan öncə Jezuşun sözlərindən belə aydın oldu ki “Qızıl top”un beşqat qalibi start heyətində olmayacaq: “Kriştiano Joao Neveş deyil, yəni onun 20 yaşı yoxdu”. Sonradan mətbuatda Jezuşla Ronaldo arasındakı anlaşmanın detalları açıqlandı.
Təcrübəli mütəxəssis ünlü futbolçuya Osloda onu ehtiyatda saxlayacağını əvvəlcədən bildirmişdi. Amma Jezuş Ronaldoya son yarım saatda şans verəcəyinə söz vermişdi. Oyunun axarı isə 72 yaşlı məşqçini Ronaldo ilə bağlı planlarını dəyişməyə vadar etdi. Norveç ikinci hissədə fəallaşdı və qol da vurdu. Amma tərslikdən Qonsalo Ramuş çox faydalı oynayırdı. Məhz bu futbolçu komandasını yenidən önə keçirdi. Onun daha bir qolu isə qeydə alınmadı. Jezuş hücumdakı fəallığı ilə yanaşı müdafiəyə də yardım edən Ramuşu əvəzləmək istəmədi. Nəticədə ikinci hissənin əvvəlindən isinmə hərəkətləri edən Kriştiano sona qədər də meydana çıxmadı. Son 18 ildə ilk dəfə o, yığmada adı iştirak ərizəsində olan bir matçda əvvəldən sona qədər ehtiyatda qaldı!
Ronaldonun final fiti səslənən kimi sifətini turşudaraq narazı şəkildə paltyardəyişmə otağına yollanması gözdən qaçmadı. Bu hadisə hətta Portuqaliyanın qələbəsini də kölgədə qoydu və Jezuş kapitan ilə bu barədə söhbət edəcəyini dedi.
“Vaxtı gələndə bu addımımın səbəbini izah edəcəm”
Sentyabrın 29-da Portuqaliya Malmö şəhərində hazırlıq keçdi. Yığmanın məşqində jurnalistlər üçün açıq olan ilk 15 dəqiqədə Ronaldo gözə dəymədi. Kapitanın baş məşqçi ilə söhbətdən sonra, ümumiyyətlə, stadionu tərk edərək komandanın qaldığı otelə qayıtdığı məlum oldu. Federasiya bunu, sadəcə, Ronaldonun otelin trenajor zalında fərdi məşq etmək istəyi ilə izah etdi. Ancaq məşqçi ilə futbolçu arasında vəziyyət artıq o həddə çatdı ki, həmin gün axşam federasiya prezidenti Proensa təcili Lissabondan yığmanın düşərgəsinə yollandı. Düzdü, Portuqaliya mənbələrinin yazdığına görə, o gələnə qədər artıq Jezuş ilə Ronaldo öz aralarında anlaşaraq məsələni yoluna qoydular. Çərşənbə günü isə Jezuşun oyunöncəsi mətbuat konfransında dediyi sözlərdən sonra aləm-bir-birinə dəydi:
“Ronaldo qarşıdakı oyunda da ehtiyatda qalacaq. Bu gün daha bir məşqimiz var. Hər şey plan üzrə getsə, Ramuş oynayacaq. Amma oyunun gedişində nələr olacağını kim bilir?! Ronaldoya ehtiyac duysaq, oynayacaq. Ehtiyac duymasaq, oynamayacaq”.
Bu, Jezuşun sözlərinin qısaldılmış versiyasıdı. Onun “hər şeyə pozitiv baxmaq və irəli getmək lazımdı” sözləri də, təbii ki, Ronaldoya yönəlmişdi. Jezuşun mətbuat konfransı başa çatan kimi “A Bola” və “Marka” nəşrlərində Ronaldonun Kopenhagenə şəxsi təyyarəsini çağırması və yığmanın düşərgəsindən ayrılmağa hazırlaşması haqda sensasiyalı xəbərlər ildırım sürəti ilə yayıldı.
Əslində superulduzun bu dərəcədə inciməsinin səbəbi onun yenidən ehtiyatda qalması xəbəri deyildi. Ronaldonun yaxın dostu olan portuqaliyalı jurnalist Edu Agirrenin sözlərinə görə, federasiya prezidenti, Jezuş və Ronaldo arasında baş tutan gizli görüşdə baş məşqçi əvvəlcə futbolçudan üzrxahlıq edərək mətbuat konfransında hər şeyi yoluna qoyacağını və “malalayacağını” deyibmiş. Ancaq jurnalistlər önündə Jezuş növbəti dəfə burda özünün ağa olduğunu, Ronaldonun, sadəcə, futbolçulardan biri olduğunu göstərməyə çalışdı. Ünlü futbolçu da özünü xəyanətə məruz qalan bir insan kimi hiss edərək hər şeyin üzərindən birdəfəlik xətt çəkmək qərarına gəldi. Onun “instaqram”da 24 saat ərzində 15 milyona yaxın “layk” toplayan paylaşımı da bu fikri təsdiq edir:
“Baş məşqçinin mətbuat konfransındakı sözlərindən və federasiya prezidenti ilə söhbətdən sonra yığma komandanın düşərgəsini tərk etmək qərarına gəldim. Vaxtı gələndə portuqaliyalılara bu addımımın səbəbini izah edəcəm. Mən həmişə özümü bu komandaya həsr etmişəm. İndi isə Portuqaliyaya və bütün komanda yoldaşlarıma uğurlar arzulamaq vaxtıdı”.
Maraqlıdı ki, Kriştiano təyyarəyə minənə qədər heç bir komanda yoldaşı ilə vidalaşmadı. Həmin an yığma komanda məşqdə idi. Futbolçular məşqdən otelə qayıdana qədər Ronaldo oranı tərk etdi.
İddialara inansaq, məşq bitəndən dərhal sonra Jezuş və federasiya prezidenti Proensa Ronaldonu fikrindən daşındırmaq üçün Kopenhagen hava limanına yollandılar. Ancaq onların bütün cəhdlərinə baxmayaraq, kapitanı fikrindən daşındırmaq mümkün olmadı. Onun şəxsi təyyarəsi yerli vaxtla 22.15-də Danimarkaya eniş etdi. 23.35-də isə oranı tərk edərək Madridə yola düşdü. Təsadüfi şahidlər onun Madrid hava limanından çıxıb, maşına əyləşərkən görüntülərini də çəkərək paylaşdılar.
Onu bir daha Portuqaliyanın heyətində görməyəcəyik?
Dünən gün ərzində Kriştiano haqda yeni xəbərlər gəldi. Əvvəlcə onun yığmanın düşərgəsini icazəsiz tərk etdiyinə görə 1 aydan 6 aya qədər müddətə cəzalanacağı, eləcə də federasiya tərəfindən cərimələnəcəyi bildirildi. Amma məsələ burasındadı ki, Ronaldo özü bunu rəsmi olaraq açıqlamasa da, “O Jogo” daxil olmaqla etibarlı Portuqaliya mənbələri onun yığma karyerasını bitirdiyini iddia edirlər. Özü də Ronaldonun fikrində qəti olduğu bildirilir. Hələlik yığmada “7” nömrəli əfsanəvi forma “Qalatasaray”lı Rafael Leaoya verilib. Jezuş dönəminin yeni başladığını, Ronaldonun isə bir neçə aydan sonra 42 yaşının tamam olacağını nəzərə alsaq, böyük ehtimalla onu bir daha Portuqaliyanın heyətində görməyəcəyik. Beləcə Kriştianonun 2003-cü ildə Qazaxıstana qarşı oyunla başlayan əsrarəngiz və rekordlarla zəngin yığma karyerası heç də xoş olmayan bir şəkildə başa çatdı. 234 oyun, 146 qol, 45 məhsuldar ötürmə...
Onun oyun və qol sayı yığma komandalar arasında rekord göstəricidi. Ardıcıl 6 mundialda fərqlənməklə, eləcə də Avropa çempionatlarında 14 qol vurmaqla rekordlarını genişləndirən Ronaldo yığmanın heyətində AÇ-2016-nın və sonuncu Millətlər Liqasının qalibi olub.
Hər şeyə rəğmən, sözsüz, Ronaldo ən xoş sözlərə layiqdi. Çünki Lionel Messidən başqa heç bir futbolçu bu qədər uzun müddət belə yüksək səviyyədə çıxış edə bilməyib. Digər tərəfdən, Portuqaliya son dönəmlərdə dəfələrlə Ronaldosuz da qələbə qazana bildiyini göstərib. Daha dəqiqi, bu komanda 2022-dən bəri Ronaldosuz keçirdiyi 11 oyunun 10-da qalib gəlib. Özü də bunların 7-də böyükhesablı qələbə qeydə alınıb. Artıq yığmada 25 yaşlı Ramuş, 26 yaşlı Joao Feliş kimi futbolçular “at oynadacaq”.
Ronaldo isə çox güman, diqqətini “Əl-Nəssr”ə yönəldərək bu mövsümün sonuna qədər ən böyük hədəfinə - 1000 qol həddinə çatmağa çalışacaq və sonra da karyerasını birdəfəlik bitirəcək.
"Football-plus.az"






