“Hazırda proses layihələndirmə mərhələsindədi” – Naxçıvandan “Araz-Naxçıvan”la bağlı xoş xəbər!

30.09.2026 10:59 1 539
Ölkə futbolu / Manşet
Ötən mövsüm ev oyunlarını “Liv Bona Dea Arena”da keçirən “Araz-Naxçıvan” bu mövsüm həmin stadionu “Sabah”ın alması üzündən qaçqın həyatı yaşayır. Komanda mövsümə Qəbələdə başlasa da, daha sonra ev oyunlarını Şamaxıda keçirməyə başladı.

“Araz-Naxçıvan”ın şəhərindən və azarkeşlərindən uzaqda qalması çıxışına da təsir edən amillərdən biridi. Hazırda Naxçıvan təmsilçisi uğursuz nəticələr səbəbindən turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Bəs komandanın dogma şəhərə qayıtması ilə bağlı hansısa addımlar atılırmı? Naxçıvandakı stadionun istifadəyə verilməsi istiqamətində iş görülürmü?

“Football-plus.az”ın suallarına Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat katibi Emil Səmədov cavab verdi:

“Naxçıvan Muxtar Respublika Stadionunda əsaslı təmir və yenidənqurma işlərinin icrası ilə bağlı məsələ aktuallığını qoruyur. Muxtar Respublikanən Gənclər və İdman Nazirliyi tərəfindən stadionun təmirə hazırlığı baxımından texniki və hüquqi proseslərin icrası istiqamətində bütün zəruri addımlar atılıb. Hazırda proses layihələndirmə mərhələsindədi. Satınalma müqaviləsinə əsasən layihələndirmə işlərinin bu ilin sonunda yekunlaşdırılması nəzərdə tutulub.

Növbəti mərhələdə inşaat işlərinin icrası ilə əlaqədar satınalma həyata keçiriləcək, qalib şirkətlə müqavilə bağlanaraq stadionda əsaslı təmir və yenidənqurma işlərinə başlanılacaq. Əsas məqsəd stadionun ölkə standartlarına və müasir tələblərə uyğunlaşdırılmasıdı”.


İSRAYIL XEYRULLAYEV