Bəs “Araz-Naxçıvan”ın uğursuz çıxışının əsas səbəbləri nədi? Komanda bu vəziyyətdən çıxmaq üçün hansı addımları atmalıdı?
“Football-plus.az” bu suallara cavab tapmaq üçün daha öncə “qırmızı-ağlar”da mətbuat katibi vəzifəsində çalışmış Tahir Tahiroviçlə əlaqə saxlayıb:
“Araz-Naxçıvan”ın sonuncu pillədə olması, əslində, məni təəccübləndirmir. Ötən ildən bununla bağlı narahatlığımı ifadə edirdim. Komandanı Naxçıvandan qoparıb, Bakıya gətirmək böyük səhv idi. Naxçıvanda çıxış edərkən klubun arxasında böyük azarkeş dəstəyi var idi. Mən klub 1-ci liqada çıxış etdiyi müddətdə dəfələrlə bunu görmüşəm. Komanda Naxçıvanda tamaşaçı sevgisi və dəstəyi ilə 1-ci liqanın qalibi oldu. Bakıda isə bu bağlılıq yoxdu. “Araz-Naxçıvan”ın 2024/25 mövsümündə 3-cü yeri tutması da problemin həll olunduğu anlamına gəlmirdi. “Turan Tovuz”un ard-arda xallar itirməsi Muxtar Respublika təmsilçisi üçün əlverişli şərait yaratdı və komanda üçüncü pilləyə yüksəldi. Amma bu, sistemli uğur deyildi. Məncə, “Araz-Naxçıvan”ın əsas çıxış yolu Naxçıvana qayıtmaqdı. Komanda öz şəhəri, öz stadionu və öz azarkeşi ilə yenidən bağ qurmalıdı. Əks halda, bu proses belə davam edərsə, komandanın premyer-liqadan 1-ci liqaya düşməsi də real təhlükəyə çevrilə bilər. Bunun üçün isə ilk növbədə stadion məsələsi həll olunmalıdı. Naxçıvan Muxtar Respublikası kimi böyük bir bölgədə stadionun bərpasının mümkün olmaması mənə görə anlaşılmaz və absurd vəziyyətdi. Stadion təmir olunmalı, komanda Naxçıvana qaytarılmalı və yenidən öz azarkeşi ilə birləşməlidi. Çünki klubun əsl gücü təkcə meydanda yox, Naxçıvan tamaşaçısının sevgisindədi”.
İSRAYIL XEYRULLAYEV






