U-21 çexiyalı həmyaşıdlarından xal alsa da... - REPORTAJ

29.09.2026 16:59 72
Ölkə futbolu / Reportaj
U-21-lər arasında Avropa çempionatının seçmə oyunu
B qrupu, 10-cu tur
Azərbaycan (U-21) – Çexiya (U-21) 1:1 (1:1)

Azərbaycan: 12. Sadiq Məmmədzadə, 23. Hikmət Cəbrayılzadə (4. Elgün Dünyamalıyev, 90), 5. Emin Rüstəmov, 15. Raul Məmmədov, 2. Eşqin Əhmədov, 17. Nihad Əhmədzadə, 20. Ayxan Süleymanlı (k), 13. Sənan Muradlı (3. Nuğay Rəşidov, 77), 21. Bilal İsmayılov (6. Okan Təhməzli, 67), 10. Nəriman Axundzadə (11. Nahid Əliyev, 77), 9. Ağadadaş Salyanski (19. Lorentso Mezzotero, 67).
Ehtiyat oyunçular: 1. Səlim Həşimov, 14. Əkbər Eyyubov, 16. Hacıəli Şirəliyev, 18. Mustafa Kamara.
Baş məşqçi: Rəşad Eyyubov.
Çexiya: 1. Yan Koutnı, 5. Mikulaş Koneçnı, 3. Adam Şevinski, 2. Filip Lissa, 13. Albert Labik, 12. Huqo Soxurek (22. Pavel Kaçor, 69), 21. Aleksandr Bujek (6. Matey Mikulenka, 87), 10. Matey Şin (k) (7. Dominik Peç, 80), 18. Tomas Yelinek, 11. Lukaş Maşek (9. Matyaş Voyta, 69), 17. Vit Şkrkonn.
Ehtiyat oyunçular: 16. Adam Dvorak, 4. Erik Hunal, 14. Şin Miçek, 15. Milan Leksa, 20. Tobyas Boledoviç.
Baş məşqçi: Mixal Bilek.

Qollar: F.Lissa, 38 (0:1). E.Əhmədov, 45 (1:1).
Vərəqələr: R.Məmmədov, 12. A.Süleymanlı, 54. L.Mezzotero, 73. N.Əhmədzadə, 74. O.Təhməzli, 88 - sarı.
Hakimlər: AARON O’DOUD, Darra Kiqan, Şeyn Cerard O’Brayan, Paul Norton (hamısı İrlandiya).
25 sentyabr. Bakı/ “Bank Respublika Arena”. 100 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.

2 (1) qapıya (“çərçivə”yə) zərbə 12 (5)
1 künc zərbəsi 6
0 ofsayd 1
15 qayda pozuntusu 7
37 topa sahibolma (faizlə) 63


"Bizə möcüzə lazımdı!” deyəndə bunu nəzərdə tutmurduq. Lakin səviyyə fərqini nəzərə alsaq, U-21 yığmamızın çexiyalı həmyaşıdlarından xal qoparmasını da möcüzəyə bərabər saya bilərdik. Əlbəttə, könül yuxarıdakı statistikanın yığmamız üçün bu qədər utandırıcı olmasını istəməzdi. Çünki rəqəmlər belə komandamızın həm də bəxt sayəsində heç-heçə etdiyini göstərir. Belədə heç hərflərə müraciət etməyə, hadisələrin axarı haqda danışmağa ehtiyac duyulmur. Ancaq millinin bu möcüzəyə necə imza atdığını deməsək, olmaz.

Bəli, start fitindən etibarən oyuna nəzarət etməyə çalışan qonaqlar cəmi bir qol vura bilsələr də, xeyli təhlükəli vəziyyətlə yadda qaldılar. Bunlardan ilki 8-ci dəqiqədə qeydə alındı. Şinin küncdən cərimə meydançasına göndərdiyi topu başla qəbul edən Şkrkonn qeyri-dəqiq oynadı. Çox keçmədən növbəti hücumuna gerçəkləşdirən çexlər bu dəfə Bujen üzündən məyus oldu. Ona görə ki, yarımmüdafiəçi Sadiqlə bacarmadı. Bilekin yetirmələri 16-cı dəqiqədə də bəxtsizliklə üzləşdi: Soxurek qapıya yaxın məsafədə Şinin düşünülmüş ötürməsindən faydala bilmədi. Halbuki həmin epizodda ayağı sürüşən Nihadın yerdə qalması rəqib üçün əlverişli şərait yaratmışdı. Təşəbbüsü əldən vermək istəməyən qonaqların növbəti hücumu da özünü çox gözlətmədi. Bir qədər sonra Sənanla mübarizədən qalib ayrılan Şkrkonn topu Maşelə çatdırdı. Xoşbəxtlikdən o da Bujenin aqibəti ilə üzləşdi.

Nəhayət, 25-ci dəqiqədə yığmamızın meydandakı varlığı hiss olundu. Burda Sənanın qapıya paralel ötürməsini qəbul edən Eşqinin qüvvətli zərbəsi qeyri-dəqiq alındı. Ardından Sadiq millimizi növbəti böyük təhlükədən üzüağ çıxardı. “Əlcək sahibi” Şinin ötürməsini qəbul edər-etməz fərqlənməyə cəhd göstərən Maşekin arzusunu gözündə qoydu. Təbii ki, həndəvərində qərarlaşan Zaur və Eşqin hücumçuya zərbə imkanı verməsəydi, lap gözəl olardı. Rəqibin səngimək bilməyən hücumların bəhrəsini 38-ci dəqiqədə gördü. Daha dəqiqi, qarışıqlıqdan yararlanan Lassa Şinin küncdən göndərdiyi topu tora qovuşdurdu. O başqa məsələ ki, qonaqların üstünlüyü uzun çəkmədi. 45-ci dəqiqədə inadkarlıq göstərən gənclərimiz hesabı bərabərləşdirdi. Sənanın qapı önünə ötürməsindən Ağadadaş faydalanmaq istəsə də, Koutnı yerində idi. Amma Eşqin qapıçının dəf etdiyi topun önünə düşməsindən maksimum yararlandı.

Beləliklə, yığmamız fasiləyə heç-heçə ilə yollandı. İndi ən pis halda nəticəni qorumaq lazım idi ki, gənclər qalan vaxtda məhz bu məqsəd uğrunda tər tökdü. 46-cı dəqiqədə Sadiq növbəti dəfə qəhrəmanlıq etdi. Qapıçı Ayxanla Bilalı asanlıqla aldatdıqdan sonra bəxtini sınayan Şini sevinməyə qoymadı. Qonaqlar üçün 67-ci dəqiqə də düşərli olmadı. Çünki Şkrkonn Şinin qapı önünə çatdırdığı topu başla tora qovuşdurmaq imkanından qeyr-dəqiqlik üzündən istifadə edə bilmədi. Qalan vaxtda Sadiq Koneçnının zərbəsini dəf etdisə, Labik və sonradan meydana çıxan Kaçor qeyri-dəqiq zərbə ilə yadda qaldılar. Nəticədə hesab axıra qədər dəyişmədi və yığmamız xal ehtiyatını artırdı.

Həmin gün B qrupunda daha bir gözlənilməz nəticə qeydə alındı: “doğma divarlar” arasında Portuqaliya ilə qarşılaşan Bolqarıstan lideri devirdi – 2:1!

Sabah bu qrupda növbəti matçlar keçiriləcək. Belə ki, Bakı vaxtı ilə saat 20.00-da Çexiya Bolqarıstanı, 23.00-da isə Portuqaliya Cəbəllütariqi qəbul edəcək. Millimiz isə saat 22.30-da Şotlandiyanın qonağı olacaq. Təəssüf ki, yığmamız çexiyalı həmyaşıdlarını məğlub edə bilmədiyindən qrup mərhələsini 2-ci pillədə başa vurmaq şansını itirib. Buna rəğmən, yığmamızın daha iddialı görünəcəyinə şübhəylə yanaşa bilmərik. Axı nilli komanda cəsarət tələb edir!

1. Portuqaliya 8 6 1 1 29-2 19
2. Çexiya 8 4 3 1 16-4 15
3. Bolqarıstan 8 4 2 2 9-7 14
4. Şotlandiya 8 3 2 3 18-10 11
5. Azərbaycan 8 1 4 3 6-19 7
6. Cəbəllütariq 8 0 0 0 1-37 0

KƏNAN BAHADIR