Sentyabrın 26-da "Liv Bona Dea" xəstəxanasının uroloqu Elbəyi Daşdəmirli ilə Mərkəzi Klinikanın travmatoloqu Yasin Haxverdiyev arasında sosial şəbəkədə olan yazışma ictimaiyyətdə kəskin narazılıq doğurdu. Belə ki, Elbəyi Daşdəmirli “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasla fotosunu sosial şəbəkə hesabında paylaşdı və bu paylaşıma "Tibb ilə idmanın kəsişdiyi gözəl görüş. Əladı belə" ifadələrimi əlavə etdi. Paylaşıma şərh yazan Yasin Haxverdiyev isə "abi, noyabrda məşhur alman uroloqu Hans Flik Bakıda bu müəllimə prostat müayinəsi icra edəcəkmiş deyirlər..." sözlərini işlətdi. Heç şübhəsiz, Yasin bəy bu sözlərlə "Sabah"ın noyabrın 25-də Bakıda Çempionlar Liqasının liqa mərhələsində İspaniya nəhəngi "Barselona"ya qarşı keçirəcəyi oyuna eyham vurdu. İş ondadı ki, Daşdəmirli "elə həmin oyuna hazırlayıram" cavabını verərək Dambrauskasın tibbi müalicə aldığına dair məlumatı ictimaiyyətə açıqladı. Əlbəttə, həkimin mütəxəssisin tibbi məxfiliyini pozması, özü də bunu etik qaydalar çərçivəsində etməməsi böyük əks-səda doğurdu.
Maraqlıdı, "Liv Bona Dea" bu hadisə ilə bağlı tədbir görübmü? Axı həm də bu xəstəxana uzun illərdi AFFA və futbol klubları, eləcə də "Sabah" ilə əməkdaşlıq edir. "Liv Bona Dea"nın mətbuat xidməti sorğumuzu belə cavabladı: "Məsələ həkimin şəxsi sosial media hesabında etdiyi paylaşım ilə bağlı olduğu üçün həkim özü klub rəhbərliyi ilə əlaqə saxlayıb, görüşərək yaranmış vəziyyəti qarşılıqlı şəkildə müzakirə edib və məsələ öz aralarında həllini tapıb. Xəstəxana olaraq, klubla uzunmüddətli və yaxşı əməkdaşlıq münasibətlərimiz var. Məsələnin tərəflər arasında artıq həll olunduğunu nəzərə alaraq, bu barədə əlavə açıqlama verməyi və məsələni daha da gündəmdə saxlamağı məqsədəuyğun hesab etmirik. Bizim üçün əsas olan tibbi etik prinsiplərə və pasiyent məxfiliyinə hər zaman həssas yanaşılmasıdı".
Yeri gəlmişkən, Elbəyi Daşdəmirli həmin paylaşımı artıq sosial şəbəkə hesabından silib.
KƏNAN BAHADIR
"Liv Bona Dea"nın uroloqu Dambrauskası lağa qoydu, xəstəxana işə qarışdı - paylaşımın taleyi necə oldu?
Ölkə futbolu / Manşet






