Yoldaşlıq oyunu çərçivəsində Bakıda – “Palms Sports Arena”da Tacikistanı qəbul edən millimiz minimalhesablı qələbə qazandı. Matçın taleyini Toral Bayramovun həlledici zərbəsi qarşısında aciz qalan Oleq Baklovun kobud səhvi həll etdi. Beləliklə, “Turan Tovuz”un qapıçısının avtoqolu sayəsində sevindik.
Etiraf edək ki, yığma bu matçda özünü yaxşı tərəfdən göstərə bilmədi. Hətta rəqib daha çox qol imkanı əldə etdi. Sadəcə, gah qeyri-dəqiq oynadılar, gah da qapıçı Emil Balayevlə bacarmadılar. Kəsəsi, millinin bu oyunla Litvaya qarşı uğur qazanmaq şansı azdı. İş ondadı ki, məsələ bununla yekunlaşmır. Sizin də şahidi olduğunuz kimi, yığma təkcə yaşıl meydanda baxımsız oyun sərgiləmədi, həm də tribunalarda “yetim qaldı”!
Bəli-bəli, 10289 yerlik stadionda cəmi 3000 tamaşaçı var idi. Onların da əksəriyyəti nə milliyə dəstək göstərməyə çalışdı, nə də varlıqlarını hiss etdirdilər. Öz aramızdı, bəlkə oyunu evdə, kafe və restoranlarda izləyənlər daha çox canfəşanlıq ediblər, xəbərimiz yoxdu... Yaxşı ki, hələ “Milli Bayraqdar” azarkeş qrupu var ki, arabir müxtəlif şüarlarla yığmanı ruhlandırdılar. Əks halda, tribunalarda “bayquş ulayacaqdı”. Bir dönəm millini həm ev, həm də səfər oyunlarında tək qoymayan “Göyqurdlar” fanklubu da uzun müddətdi AFFA-dan küsüb və bu üzdən tribunalarda görünmür. Nəticədə bax belə bərbad mənzərə ortaya çıxır. AFFA isə azarkeşlərin tribunalara cəlb olunması, milli üzvlərinin tərəfdarlarla münasibətlərinin inkişaf etdirilməsi və səmimi mühitin yaradılması fonunda ciddi addımlar atmaqda maraqlı deyil. Axı stadionda federasiyanın bu istiqamətdə yeganə fəaliyyətinin üzərində hansısa futbolçu adı olmayan formaları baha qiymətə satmaq olduğunu gördük.
Siz Allah, bu biabırçılığın qarşısını alın! Yığma oyunlarının təbliğatı ilə bağlı daha genişmiqyaslı işlər görün. Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni təyin etdiyiniz şəxslər kreativ layihələr ortaya qoysun, azarkeşlər tribunalara gəlməyə can atsın. Qarşıdan iki önəmli ev oyunu gəlirsə, bunu etməyə məcbursuz! Əks halda, 31200 tamaşaçı tutumuna malik “Tofiq Bəhramov”da daha böyük rəzalət yaşanacaq.
KƏNAN BAHADIR
Tribunalarda “yetim” qalan milli... – YAZI
Yazarlar / Manşet





