Ölkəmizin futbol yığması Millətlər Liqasının D liqasında mübarizəyə qələbə ilə başlaya bilmədi – 1:1.
Yığmanın baş məşqçisi Ayxan Abbasov oyundan sonra jurnalistlərin suallarını cavablayıb.
- Bu gün ölkəmizdə Anım günüdü. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Torpaqlarımızın suverenliyi uğrunda canından keçən qəhrəmanlarımıza minnətdarıq. Bu baxımdan futbolçularımızın üzərində mənəvi bir məsuliyyət və təzyiq var idi. Lakin onlar ilk dəqiqədən sona qədər əsl mübarizə əzmi nümayiş etdirdilər. Bizim üçün səfər matçı hiss etdirməyən azarkeşlərimizə də minnətdaram. Oyuna gəlincə, rəqibin ilk dəqiqələrdən pressinq edəcəyini bilirdik. Təəssüf ki, erkən qol buraxdıq. Amma təyin olunan penalti epizodu mənim üçün sual altındadı. Həmin an əvvəlcə Emil Səfərovun ayağı tapdalanmışdı, lakin VAR müdaxilə etmədi. Buna baxmayaraq, komanda psixoloji cəhətdən dağılmadı, intizamı qorudu və Mahir Emrelinin qolu ilə hesabı bərabərləşdirdi. Xüsusilə 70-ci dəqiqədən sonra tam üstünlük bizdə idi, sadəcə, hücumların son nöqtəsində tələskənlik etdik. Sıx qrafikdə zədə almdan səfərdən xalla dönmək vacib idi.
– Erkən qoldan və ilk dəqiqələrdə alınan sarı vərəqələrdən sonra komandanı psixoloji gərginlikdən necə çıxardız?
– Meydanda hər cür ssenariyə hazır olmalıyıq. Fasilədə paltardəyişmə otağında futbolçularımıza bildirdik ki, oyunun gedişində qol vurmaq da var, buraxmaq da. Əsas məsələ taktiki intizamı pozmamaq və sistemdən kənara çıxmamaq idi. Oyunçularımız çox yaxşı reaksiya verdilər, ruhdan düşmədilər və layiqli cavab qolu vurdular.
– Yaratdığımız real qol imkanlarının sayına baxsaq, deyə bilərikmi ki, bu gün iki xal itirdik?
– Rəqibə hörmətlə yanaşıram, amma bəli, sırf qol epizodlarının keyfiyyətinə görə iki xal itirdiyimizi demək olar. Abdulla Xaybullayevin gözəl driblinqi, Mahir Emrelinin ikinci hissədəki təhlükəli epizodları qolla nəticələnə bilərdi. Təbii ki, rəqibin də şansları var idi, gərgin oyun alındı. Amma ən sevindiricisi odu ki, futbolçularımızda milli formanın məsuliyyətini və böyük istəyi gördük. İnamımız artır, qələbələr də gələcək.
– Səfərdə heç-heçədən sonra əsas hədəf qrup liderliyidi?
– Bəli, hədəfimiz yalnız liderlikdi. D liqasında yer almağımızla heç birimiz barışmırıq. Biz inkişaf etmək, C liqasına qalxmaq və daha güclü rəqiblərlə mübarizə aparmaq istəyirik. Bizi futbol ölkəsi kimi qəbul etmələri üçün qrupdan çıxmalıyıq. Mahir Emreli kimi futbolçularımız xaricdə müntəzəm oynayanda bunun milli komandaya necə müsbət təsir etdiyini görürük. Rüfət Abbasov kimi gəncləri də cəlb edirik ki, gələcəyin komandasını quraq.
– Milli komandada görünən bu əzmkarlıq və oyun dəst-xətti tam istədiyiniz səviyyədədirmi?
– Bəli, müsbət dinamika var. Məsələn, Tacikistanla matçda qalib gəlsək də, oyun baxımından nöqsanlarımız var idi. Bu gün isə Rüfət Abdullazadənin soyuqqanlılığı, Aleksey İsayevin topa nəzarəti, Xaybullayevin 30-35 metrlik driblinqi futbolçularımızın fərdi keyfiyyətini göstərir. Sadəcə, məsələn, Renat Dadaşov və Musa Qurbanlı son nöqtəni qoymaqda bir qədər də dəqiq olmalıydılar. Milli komanda klub deyil, zaman lazımdı. Son 11 matçımın yarıdan çoxu böyük yığmalara qarşı olub. İndi isə gücümüzə uyğun rəqiblərlə oynayırıq və addım-addım inkişaf edirik.
– Mahir Emrelinin meydandakı liderlik keyfiyyətləri haqda nə deyə bilərsiz?
– Mahir bu gün əsl lider kimi çıxış etdi. Almaniyada az şans alması bəlkə də onun formasını bir qədər aşağı salmışdı, amma mən ona həmişə inanmışam. Çünki potensiallı futbolçularımızın sayı çox deyil. Mahir bu gün komandanın yükünü öz üzərinə götürdü və digər təcrübəli oyunçularımız da ondan nümunə götürməlidilər.
– Heyətdə alternativlərin olmaması, xüsusilə müdafiə xəttində Rahil Məmmədovun səhvləri sizi narahat etmir?
– Məşqçi üçün geniş heyət seçiminin olması böyük üstünlükdü. Lakin reallıq budu ki, bəzi futbolçularımız klublarında 90 dəqiqə şans qazanmırlar. Rahil bu gün müəyyən səhvlər etsə də, kritik epizodlarda, xüsusilə rəqibin başla oyununda və standart vəziyyətlərdəki təzyiqinin qarşısını almaqda çox faydalı oldu. Üç gündən sonra Lixtenşteynlə oynayacağıq və mütləq heyətdə rotasiyalar edəcəyik. Alternativ variantların çoxalması isə birbaşa klublarımızın gənc futbolçulara şans verməsindən asılıdı.
“Potensiallı futbolçularımızın sayı çox deyil” - Ayxan Abbasov
Ölkə futbolu / Manşet






