Bu gün həmin zəfərdən 2 il keçir. Xalq olaraq əsgərlərimizlə qürur duyuruq. Həmin müddətdə canından keçən övladlarımızın, qardaşlarımızın ruhu qarşısında baş əyirik. Qazilərimizə cansağlığı arzulayırıq.
Döyüşlərdə iştirak edənləri də unutmaq olmaz. Onlar qələbənin əsas memarlarıdı. Azərbaycan futbol camiəsində də Vətən müharibəsində iştirak edənlər var idi. Hakim Kamal Umudlu da onlardan biri idi.
“Football-plus.az” olaraq referi ilə əlaqə saxlayıb bayram münasibəti ilə təbrik edib, Zəfər Günü ilə bağlı fikirlərini səsləndirməsini istədik:
“Bu tarix tək mənim yox, bütün xalqımız üçün qürurverici gündü. Bu qələbə Ali Baş Komandan başda olmaqla bütün azərbaycanlıların zəfəridi. Xalqmızın birliyi bizə bu sevinci yaşatdı. İnsanlarımız yoldan keçəndə əlində olanı bizə verir, kömək etməyə çalışırdılar. Bütün azərbaycanlılar müharibə günlərində ordumuzun yanında idi. Qələbənin əsas səbəblərindən biri də bu idi. Öz torpaqlarımızı geri qaytardıq. Uzun illər idi ki, dövlətimiz bu həsrəti çəkirdi. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə, yaralılarımıza cansağlığı versin. Xalqımızı bu möhtəşəm qələbə münasibəti ilə təbrik edirəm”.
İLKİN SULTANLI
