Salahın Trabzonda gəzdiyi və oturduğu yer ziyarətgaha çevrildi! - onun sayəsində turistlərin sayı artıb

26.09.2026 20:45 90
Dünya futbolu
Məhəmməd Salah Türkiyəyə onsuz da superulduz statusunda gəlmişdi. Ancaq onun Türkiyədə bu qədər qısa müddət ərzində nüfuzunu bir qədər də artıraraq fenomen səviyyəsinə yüksələcəyini az adam proqnozlaşdırardı. “Qalatasaray”la oyundakı het-trikdən sonra onun hətta ziyarət etdiyi yayla və oturduğu daş belə populyar bir məkana çevrilib! Ancaq bu mövzuya keçməmiş Salaha İngiltərədə verilən cəzadan danışaq.

Bugünlərdə Uorrinqton məhkəməsi ulduz futbolçunun 6 aylıq müddətə sürücülük hüququndan məhrum edilməsi barədə qərar qəbul edib. Bu məsələnin kökü bu il martın 27-nə gedib çıxır. Bu tarixdən cəmi 2 gün öncə Salah çox dramatik şəkildə “Liverpul”da sonuncu mövsümünü keçirdiyini və yayda klubdan ayrılacağını açıqlamışdı. Martın 27-də ona məxsus 400 min funt sterlinq dəyərindəki elektrikli “Rols-Roys Spektr” markalı maşın Uilsmsloudakı Çeşir qraflığında sürət limitini aşarkən kameraya yaxalanıb. Əvvəlcə polislər Salahın 4 milyon funt sterlinqlik malikanəsinə iki xəbərdarlıq məktubu göndəriblər. Amma 34 yaşlı futbolçu polislərin xəbərdarlığına heç bir reaksiya bildirməyib və prokurorluqla əməkdaşlıqdan imtina edib. Yəni Salah faktiki sürət limiti aşılarkən maşında kimin əyləşdiyini gizlətməyə çalışıb. Bu üzdən onun sürücülük vəsiqəsi 6 aylığa qüvvədə düşüb, üstəlik ümumulikdə 1217 funt sterlinq cərimə alıb.

Bu onun başına gələn ilk belə hadisə deyil. Salah 2022-də Stokportda “Ferrari F8 Tributo” markalı maşını ilə də sürət limitini aşdığına görə 200 funt sterlinq və 3 bal cərimə olunmuşdu. 2018-də isə “Enfild” yaxınlığında maşın idarə edərkən telefondan istifadə etməkdə günahlandırılmışdı. Amma həmin vaxt polis yetərli qədər dəlil tapmamışdı.

İndi isə keçək Salahın Trabzon macəralarına. Ötən həftənin ortalarında Salah Trabzonun təbiətini kəşf etmək, buralara uyğunlaşmaq üçün Maçka kəndində yerləşən “Qurddərə Yaylası” adlanan ərazidəki meşəliyə və yaylaya üz tutdu. O, təbiət qoynunda, qayanın üzərində, meşəlik ərazidə çəkdirdiyi şəkilləri sosial şəbəkə səhifəsində paylaşdı. Onun məşq olmayan bir gündə Trabzonun təbii gözəlliklərini kəşfə çıxarkən paylaşdığı şəkillər böyük marağa səbəb oldu. Yerli xəbər saytları da bunu gündəm etdilər. Düşünmək olardı ki, bu mövzu elə burda da bağlanacaq. Amma Salahın “Qalatasaray”a qarşı tarixi performansı Trabzon əhalisinə o qədər müsbət təsir etdi ki, onlar futbolçunun gəzdiyi əraziləri az qala ziyarətgaha çevirdilər!

Bazar ertəsi və çərşənbə axşamı trabzonlular, eləcə də ətraf şəhərlərdən gələn çoxsaylı insanlar məhz həmin yaylanı ziyarət etdilər. Yaranmış izdiham sosial şəbəkələrdə gündəm oldu. Ən heyrət doğuran məqam isə odu ki, həmin əraziyə üzərinə “Salah yaylası” sözü yazılmış bir lövhə vuruldu! İnsanlar Salahın oturduğu daşın üzərində böyük fəxrlə oturaraq şəkil çəkdirməkdən və bunu sosial şəbəkələrdə paylaşmaqdan yorulmadılar. Dünən isə yerli bələdiyyə hətta “Salah Yaylası” lövhəsi yazılan yerə skamya da qoydurdu!

Bu arada Salah sayəsində Trabzonda yaşanan canlanma Misirdən gələn turistlərin sayında da müşahidə olunur. Məsələn, 2025-də yanvar-avqust dönəmində Misirdən Trabzona 4450 turist gəlmişdisə, bu ilin eyni dönəmində bu rəqəm 25 faiz artaraq 5558-ə çatıb. Konkret avqust ayı üçün isə Misirdən gələnlərin sayı ötən illə müqayisədə 1151 nəfərdən 1788 nəfərə yüksəlib. Yəni 55 faiz artıb!

Elə Trabzonun mədəniyyət və turizm komitəsinin rəhbəri Tamər Ərdoğan da Salahın transferinin şəhərin turizm sektoruna müsbət təsir etdiyini vurğulayıb.