“Gənclik şəhəri”nin təmsilçinin ikinci turda “Sabah”a qarşı keçirməli olduğu oyun təxirə salınıb. Həmin qarşılaşmada “Sumqayıt”ın xal qazanmaq şansı, demək olar ki, minimuma bərabər idi. Hətta top fərqindəki mənfi saldo daha da arta bilərdi ki, bu da “Araz Naxçıvan”la “zirzəmi”də yerdəyişmə üçün yetərdi.
Lap elə komanda sonuncu olmasa da, premyer-liqanın ən zəiflərindəndi. Çətin ki, kimsə bu mövzuda mübahisə etməyə həvəs göstərsin. O cümlədən klubun prezidenti və menecer kimi hamımıza tanış olan Riad Rəfiyev özü də.
Riad Rəfiyev demişkən, illərdi “Sumqayıt”ın baş məşqçilərini əlcək kimi dəyişən adam postunda çox rahat əyləşib. Bir dəfə görmədim ki, çıxsın mikrofonlar qarşısına, hansısa səhvini etiraf eləsin. Desin ki, mən hansısa legioner futbolçunu “Sumqayıt”a dəvət edərkən, onunla müqavilə bağlayarkən səhvə yol vermişəm. Yaxud da elə özünün dəvət edib, əl sıxışdığı, sonda da yola saldığı məşqçilərlə bağlı etiraf səsləndirsin.
Baqanı, İliçi, elə sonuncu “tapıntısı” Filipe Kandidonu “Sumqayıt”da başa keçirən, onları baş məşqçi postuna layiq bilən adam da Riad Rəfiyevdi. Məşhur televiziya tamaşalarının birində rəhmətlik Hacıbaba Bağırov demişkən: “Gələnləri qarşıla, gedənləri yola sal! Baş üstə!” Riad Rəfiyevin də “Sumqayıt”da gördüyü iş də elə bundan ibarətdi. Əcnəbi məşqçiləri qarşılamaq və sonra da yola salmaq. Arada da həmin dövriyyəyə azərbaycanlı məşqçilərdən kimisə daxil edirlər ki, yerlilərin də könlü xoş olsun.
Necə ola bilər ki, bu qədər legioner futbolçu faydasız olur, məşqçilər yararsız olur, amma rəhbərlik sudan quru çıxır?! Onlar bu səhv seçimlərinə görə heç bir məsuliyyət daşımır, səhvlərini etiraf etmirlər. Bəlkə Sumqayıtın futbol veteranlarının biri, yaxud da hansısa bacarıqlı idarəçi şəhərin komandasını daha yaxşı idarə edər. Belələrinə nə üçün şans vermirlər? Düzdü, mövsüm hələ yeni başlayıb, riyazi baxımdan bütün iştirakçıların premyer-liqanın mükafatçısı olmaq, avrokuboklara yollanmaq şansı qalıb. Amma “Sumqayıt”ın bu yarışın içində olmayacağı, elitadakı yerini qorumaq üçün böyük sınaqlar verməli olduğu aksiomdu. Buna zərrə qədər şübhəm yoxdu.
“Kəpəz”in hücumçuları bir qədər də diribaş olub, dəqiq oynaya bilsəydilər, “Sumqayıt” Gəncədən xalsız qayıdacaqdı. Gəncəli azarkeşlər qaçırılan fürsətlərə görə başlarını tutdular, itirilən iki xala görə çox təəssüfləndilər. Sözsüz, “Sumqayıt”ın qazandığı bir xalda heyətə yeni qatılan qapıçı Marko Yohansonun da böyük rolu oldu. Onun qurtarışları komanda yoldaşlarını da ruhlandırdı, eyni zamanda “Sumqayıt”ı məğlubiyyətdən qurtardı. Portuqaliyalı baş məşqçi Filipe Kandidonun oyuna hansısa müdaxiləsindən, taktiki gedişlərindən danışmaq isə yersizdi. Əvəzində Ronaldonun həmyerlisi yaxşı bəhanə tapıb.
Sitat:
“Oyunun gedişində kimsə hakim fitinə bənzəyən səslərdən istifadə edirdi. Bu, futbola hörmətsizlikdi. Futbola hörmət etməliyik”.
Bərəkallah, Filipe!
Stadionlara azarkeş olmamasından şikayətlənirik. Gəncədə durum fərqlidi, “Kəpəz”ə könül verənlər tribunalarda möhtəşəm ab-hava yaradır. İndi də portuqaliyalı Filipe Kandido şikayətlənir ki, azarkeşlərdən kimsə fit çaldı. Onsuz da AFFA hər həftə “Kəpəz”i azarkeşlərinə görə cərimələyir, klubu çətin vəziyyətə salır. Bu biri yandan da azarkeşlərin davranışlarından şikayətlənmək, onların fitinin futbolçulara təsir göstərdiyini dilə gətirmək heç də xoş görünmür. Minlərlə azarkeşin davranışına nəzarət etmək onsuz da çətindi. Kim onlara deyəcək ki, fit çalmayın? Həmin fit səslənibsə belə, “Kəpəz”in futbolçularına da təsir edə bilərdi. Nə üçün onlar oyundan qopmayıb, amma “Sumqayıt”ın futbolçuları qopub?! Belə gülünc bəhanələrin arxasına sığınmaq yox, futbol oynamaq lazımdı, cənab Kandido!
AMAL






