Nazirlik İkardini cəzalandırdı - o da ''od püskürdü''

22.09.2026 13:00 135
Dünya futbolu
''Qalatasaray''dan ayrıldıqdan sonra özünə klub tapa bilməyən və 2 aydan çoxdu sərbəst statusda olan Mauro İkardi futboldan kənar olaylarla gündəmə gəlməkdə davam edir.

"Football-plus.az* xəbər verir ki, bu dəfə vətəni Argentinada onun belə desək, maşın sürmək hüququ əlindən alınıb.

Bu günlərdə İkardinin maşın sürə-sürə sevgilisi Çayna Suaresin onu öpdüyü, eləcə də bu xanımın maşın hərəkətdə olarkən başını pəncərədən çölə çıxartdığı əks olunan bir video sosial şəbəkələrdə yayılmışdı. Buenos-Ayres əyalətinin nəqliyyat nazirliyi həmin video ilə bağlı araşdırma apararaq ünlü futbolçuya cəza verib.

Belə ki, nazirliyin rəsmi açıqlamasında İkardinin sürücülük vəsiqəsinin vaxtı keçdiyi qeyd olunub. Həm bu, həm də Suaresin təhlükəsizlik kəmərini açaraq maşın hərəkətdə olduğu vaxtda təhlükəli hərəkətlərə yol verməsi futbolçuya baha başa gəlib. Onun bir müddət maşın sürməsinə qadağa qoyulub. İkardinin cavabı özünü çox gözlətməyib. Ünlü forvard sosial şəbəkədə nazirliyin qərarına etiraz edərək bunları yazıb:

''2029-a qədər qüvvədə olan və İtaliyada aldığım sürücülük vəsiqəsinin etibarlı olmadığına necə qərar verdikləri mənə çox maraqlıdı. Hətta nazirlik belə gündəmdə qalmaq üçün mənim adımdan istifadə edib tvit atır. Boş-boş işlərlə məşğul olmaq əvəzinə ölkəmizdə yolların durumunun daha yaxşı olmasına çalışın. İnsanlara yalan söyləməkdən əl çəkin və öz işinizi görün. Argentinada istifadə olunan sürücülük vəsiqəsi zatən Avropa sürücülük vəsiqəsinə çevrildikdə onu dövlətə qaytarmaq məcburiyyəti var. Daha nəyin etibarsız olduğunu söyləyirlər, anlamıram. Hamısı bir neçə dəqiqəlik şou xətrinə edilən şeylərdi''.