Qadınlar superliqasında yeni mövsüm nə vaxt başlayacaq? - püşk atıldı

21.09.2026 13:08
Ölkə futbolu
AFFA-nın təşkilatçılığı ilə keçirilən Qadınlar superliqasında 2026/27 mövsümünün püşkatma mərasimi baş tutub.

"Football-plus.az" xəbər verir ki, mərasimdə əvvəlcə liqaya həsr olunan videoçarx nümayiş etdirilib. Daha sonra çempionatın yeni adı və loqosu təqdim olunub.

Bildirilib ki, 12 komandanın iştirak edəcəyi çempionat iki mərhələdən ibarət olacaq. Birinci mərhələnin yekununda turnir cədvəlində ilk 6 pilləni tutan komandalar A qrupunda, 7-12-ci yerləri tutan kollektivlər isə B qrupunda mübarizəni davam etdirəcəklər.

Püşkatmanın nəticəsinə əsasən, birinci turda “Dirçəliş” – “Sumqayıt”, “İmişli” – “Neftçi”, “Ümid” (Gəncə) – “Baku Juniors”, “Araz-Naxçıvan” – “Goranboy”, “Liman” – “Sabah” və “Şəfa” – “Qəbələ” qarşılaşacaqlar.

Qadınlar superliqasında birinci turun oyunları oktyabrın 18-20-də keçiriləcək.