Millidə dörd yeni sima - bu çağırış Rəvana jest, Edqara mükafatdı!

20.09.2026 10:52 90
Ölkə futbolu / Manşet
Baş məşqçi Ayxan Abbasov srağagün yığmanın heyətini açıqladı. Mütəxəssis yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, Millətlər Liqasında isə sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Lixtenşteyn, həmçinin oktyabrın 4-də Litva millisi ilə keçiriləcək oyunlara 30 futbolçu dəvət edib.

"Zirə"nin kapitanı, təcrübəli yarımmüdafiəçi Qismət Alıyevin yoxluğunu anlaşılmaz qərar olduğunu yazmışdıq. Ancaq siyahı ilə bağlı ürəkaçan məqam da var. Belə ki, Rəvan Mirzəmmədov, Edqar Adilxanov, Oruc Məmmədov və Fərid Yusifli ilk dəfə əsas komandanın düşərgəsində olacaq, millidə debüt şansı qazanacaq.

Bəs, onları Ayxan bəyin diqqət mərkəzinə gətirən nədi? "Football-plus.az" bu suala cavab tapmaq məqsədilə futbolçuların cari durumu haqda məlumat toplayıb.

Rəvan Mirzəmmədov. Bu mövsüm "Sabah"ın əvəzedici heyətindən əsas komandaya cəlb olunan qapıçı premyer-liqada 1-ci turda "Kəpəz"lə matçda debüt edib. 5-ci turda "Şəfa" ilə oyunda da meydana çıxan qapıçı hər iki görüşdə əvvəldən sonadək "çərçivə"də dayanıb və qol buraxmayıb. Əslində baş məşqçi Ayxan Abbasovun bu addımı gənc qapıçını həvəsləndirmək niyyəti daşıdığını deyə bilərik. Hər halda, Rəvan U-21-ə də dəvət oluna bilərdi.

Edqar Adilxanov. "Şamaxı"nın şərəfini qoruyan yarımmüdafiəçi indiyə qədər U-21-də çıxış edirdi. Yeni mövsümdə 5 oyunda iştirak edən futbolçu yalnız start heyətində meydana çıxıb. O, ümumilikdə 366 dəqiqə oynayıb və bu müddətdə 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Ayxan Abbasovun "şirlər"in baş məşqçisi olduğu vaxt da özünü yaxşı tərəfdən göstərən Edqar ötən mövsüm 6 oyunu cəza üzündən buraxsa da, 12 görüşdə start heyətində yer alıb, 14 matçda isə sonradan meydana çıxıb. 1 qarşılaşmada əvvəldən sonadək ehtiyat oyunçular skamyasında əyləşib. Kəsəsi, istəkli və əzmkar çıxışı ilə fərqlənən "10 nömrə" millidə oynamaq arzusunu reallaşdırmağa layiq idi.

Oruc Məmmədov. Edqarla oxşar xüsusiyyətlərə malikdi desək, yanılmarıq. Çünki "Şamaxı"nın 22 yaşlı yarımmüdafiəçisi də komanda yoldaşı kimi indiyədək U-21-in üzvü olub. Oruc cari mövsümdə "şirlər"in heyətində keçirdiyi 5 matçda ilk "11-lik"də yer alıb. Oyunçu cəmi 345 dəqiqə top qovub. Məmmədov ötən "futbol ili"ndə də bölgə təmsilçisinin aparıcı simaları sırasında qərarlaşıb. Belə ki, Oruc 2025/26 mövsümündə premyer-liqada 22 matçda mübarizəyə start heyətində başlayıb, 9 görüşdə sonradan meydana çıxıb. 1 qarşılaşmada əvvəldən axıracan ehtiyat oyunçular skamyasında əyləşən yarımmüdafiəçi 1 görüşdə iştirak ərizəsində yer almayıb.

Fərid Yusifli. Söhbət "Şəfa"nın yarımmüdafiəçisindən gedir. Cari mövsümdə 6 oyun keçirən futbolçu 5 matçda start heyətində olub, birində sonradan döyüşə atılıb. O, yaşıl meydanda cəmi 407 dəqiqə tər töküb. Fərid ötən mövsüm "Turan Tovuz"da çıxış edib və yetərincə şans qazanmayıb. Daha dəqiqi, premyer-liqada 4 matçda ilk "11-lik"də oynayan yarımmüdafiəçi 10 qarşılaşmada sonradan meydana çıxıb. 18 görüşə isə ehtiyat oyunçular skamyasından şahidlik edib. 1 oyunda iştirak ərizəsində yer almayıb. Bu baxımdan, 24 yaşlı futbolçuya millidə ciddi şans verildiyini, həm burda, həm də "Şəfa"da əlindən gələni əsirgəməməli olduğunu deməliyik.

KƏNAN BAHADIR